İdman

gimnastikadan

başlayır

Ukrayna gimnastı: Şadam ki, Dünya Kuboku məhz Bakıda keçirilir

15 fevral 2020

Ukrayna gimnastı: Şadam ki, Dünya Kuboku məhz Bakıda keçirilir

Milli Gimnastika Arenasında yarışların təşkili hər zaman ən yüksək səviyyədədir.

Bunu batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalçısı, ukraynalı gimnast Darina Kozyarskaya deyib.

O bildirib ki, yarışlardan əvvəl məşqlər əla keçib, amma təsnifat yarışında kiçik qüsurlar qeydə alınıb:

“Bugünkü çıxışımı təhlil etdikdən sonra başa düşdüm ki, nəyi isə buraxmışam. Yəqin ki, yorğunluq özünü göstərib”.

Gimnast əlavə edib ki, Bakıdakı yarışlara böyük sevinclə gəlib:

“Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Çox şadam ki, Dünya Kuboku məhz burada keçirilir. Burada təşkilat həmişə ən yüksək səviyyədədir. Həm də ona görə məmnunam ki, 2021-ci ildə Bakıda batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək”.

 

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Mahsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.