17 aprel 2023
Aprelin 14-dən 16-dək paytaxtımız daha bir beynəxalq yarışa uğurla ev sahibliyi etdi.
Ölkəmizdə 3-cü dəfə təşkil olunan “AGF Trophy” beynəlxalq turnirində 14 ölkədən 119 idmançı mübarizə apardı. Gənclərlə yanaşı, ilk dəfə olaraq böyükyaşlı idmançıların da mübarizəyə qoşulması yarışa daha da böyük həyəcan qatdı.
Sevindirici haldır ki, hər iki yaş qrupunda Azərbaycan təmsilçiləri həm fərdi, həm də qrup hərəkətləri proqramında uğurlu çıxış nümayiş etdirdilər.
Bədii gimnastika üzrə ölkəmizdə keçirilən ilin ilk beynəlxalq yarışı Azərbaycan komandasının gənclər və böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri proqramında 7 qızıl, 7 gümüş medalı ilə yadda qaldı.
Bugünlərdə Fransada keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışının qalibi olan təcrübəli gimnastımız Zöhrə Ağamirova fərdi proqramda yüksək ustalıq nümayiş etdirərək komandamızın aktivinə çoxnövçülük proqramı, eləcə də ayrı-ayrı alətlər üzrə (top, halqa, gürzlər və lent) 5 qızıl medal qazandırdı. İdmançımız komanda hesabında təmsilçimiz Alina Gözəlova ilə birlikdə çempionluq sevincini yaşadı.
Daha bir qızıl medalı yığmamızın aktivinə gənclər arasında qrup hərəkətləri proqramında 5 topla hərəkətlərin icrasında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova yazdırdı.
Böyüklər arasında yığmamızın üzvü Alina Gözəlova fərdi proqramda da ona bəslənilən ümidləri doğrultdu. İdmançımız fərdi çoxnövçülük, halqa, top və lentlə hərəkətlərin icrasında gümüş medala sahib çıxdı.
Gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında ikinci oldular.
Gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova daha iki gümüş medalı çoxnövçülük və 5 iplə hərəkətlərin icrasında qazandılar.
Fərdi proqramda gürzlərlə hərəkətlərin icrasında finalda ölkəmizi təmsil edən Leyli Ağazadə yarışı 6-cı pillədə başa vurdu.
Gənclərdən ibarət ikinci qrup komandamız çoxnövçülük proqramında 8-ci, 5 topla hərəkətlərin icrasında 7-ci oldu.
Yarışda həmçinin böyüklərdən ibarət qrup hərəkətləri yığmamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da 5 halqa və 3 lent, 2 topla proqrmalarını nümayiş etdirdilər.
Qeyd edək ki, bu yarış həm də böyükyaşlı idmançılarımız üçün aprelin 21-23-də paytaxtımızda keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyırdı.
Turnirin bütün qalib və mükafatçılarını təbrik edir, gələcək idman karyeralarında uğurlar arzulayırıq!