İdman

gimnastikadan

başlayır

“AGF Trophy” beynəlxalq turnirinin ilk medalları

17 mart 2024

“AGF Trophy” beynəlxalq turnirinin ilk medalları

Dünən paytaxtımızda start götürən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir. Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarından böyüklər, gənclər və yeniyetmələr arasında 90-dək idmançının qüvvəsini sınadığı yarışda bu gün kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri, sərbəst hərəkətlər üzrə təsnifat mərhələlərində çıxış ediblər. Bugünkü yarışın yekununa əsasən böyüklər arasında millimizin üzvləri İvan Tixonov (dayaqlı tullanma, dəstəli at, turnik), Rəsul Əhmədzadə (dayaqlı tullanma), Mənsum Səfərov (turnik), Murad Ağarzayev (dəstəli at), Nazənin Teymurova (sərbəst hərəkətlər, gimnastika tiri) və Duyğu Məcidzadə  (sərbəst hərəkətlər, gimnastika tiri) finalda çıxış etmək imkanı əldə ediblər.  
Gənclər arasında komandamızın üzvləri Aydın Əlizadə (dayaqlı tullanma, turnik), Nihat Muradlı (turnik), Dəniz Əliyeva (gimnastika tiri) və Aytən Məmmədova (sərbəst hərəkətlər), Xədicə Abbaszadə (gimnastika tiri, sərbəst hərəkətlər) həlledici mərhələdə çıxışlarını nümayiş etdirəcəklər.
Yeniyetmələr arasında Emin Xankişiyev (dəstəli at, turnik), Hüseyn Qəhrəmanov (dəstəli at), Məhəmməd Rüstəmzadə (turnik), Albina Aliyeva (gimnastika tiri, sərbəst hərəkətlər), Leyla Məmmədzadə (gimnastika tiri), Aynaz Məcidzadə (sərbəst hərəkətlər) finalda mübarizə aparacaqlar.
Günün sonunda təsnifat mərhələlərinin yekun nəticəsinə əsasən fərdi çoxnövçülükdə və komanda hesabında qaliblər müəyyənləşib.
Böyüklər arasında komandamızın üzvü İvan Tixonov qızıl, Nazənin Teymurova gümüş, Rəsul Əhmədzadə bürünc medal qazanıb. Gənclər arasında Xədicə Abbaszadə və Aydın Əlizadə bürünc medallara sahib çıxıblar. Yeniyetmələr arasında İlham Salayev və Leyla Məmmədzadə gümüş, Hüseyn Qəhrəmanov və Albina Aliyeva bürünc medal əldə ediblər.
Komanda hesabında yeniyetmələr arasında kişilərdən ibarət komandamız (İlham Salayev, Hüseyn Qəhrəmanov, Emin Xankişiyev, Məhəmməd Rüstəmzadə) qızıl medal əldə edib. Bu yaş qrupu üzrə qadınlardan ibarət komandamız (Albina Aliyeva, Ləman Məmmədzadə, Leyla Məmmədzadə, Aynaz Məcidzadə) da eyni uğuru təkrarlayıb. Rəsul Əhmədzadə, İvan Tixonov, Aydın Əlizadə, Nihat Muradlının yer aldığı Azərbaycanın böyüklər və gənclərdən ibarət komandası, eləcə də Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, Nəzrin Hümbətovanın yer aldığı ölkəmizin gənclərdən ibarət qadın komandası da ikinci pillədə qərarlaşıb.