İdman

gimnastikadan

başlayır

“Biz gimnastikanı sevirik" adlı könüllülər proqramına start verilib

19 yanvar 2024

“Biz gimnastikanı sevirik

Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən 2024-cü ildə gimnastika növləri üzrə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili ilə əlaqədar “Biz gimnastikanı sevirik" adlı könüllülər proqramı çərçivəsində könüllülərin qəbulu üçün qeydiyyata start verilib.
Könüllülər proqramına seçilən şəxslər 2024-cü il ərzində paytaxtımızda keçiriləcək bir neçə beynəlxalq  və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərəcək, dil biliklərini inkişaf etdirəcək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır.
Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya, tamaşaçılarla iş, tərcümə xidməti, mükafatlandırma zamanı xidmət, nəqliyyat xidməti və s. daxildir.
Könüllülər 2024-cü ildə Bakıda keçiriləcək  batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyi (15-16 fevral), batut gimnastikası və tamblinq üzrə Dünya kuboku (23-25 fevral), idman gimnastikası üzrə Dünya kuboku (7-10 mart), idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri (15-17 mart), bədii gimnastika üzrə Dünya kuboku (19-21 aprel), bədii gimnastika üzrə Avropa Kuboku (3-5 may), gimnastika hamı üçün növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”-i (1 və 2 iyun), TeamGym  üzrə Avropa çempionatında (16-19 oktyabr) könüllü qismində çalışmaq fürsəti əldə edəcəklər.
Könüllülər proqramına qatılmaq istəyən şəxslər 23 yanvar  2024-cü il tarixinədək aşağıda qeyd olunan internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.
Qeydiyyat üçün linkə daxil olun: https://forms.gle/6aAqaBCTtsyu9n4AA