İdman

gimnastikadan

başlayır

GÜRZLƏRLƏ BÜRÜNC MEDAL

14 aprel 2008

GÜRZLƏRLƏ BÜRÜNC MEDAL

Aliyə Qarayevanın Sloveniyada qazandığı medal, Zeynəb Cavadlının Yunanıstanda iki final çıxışı və akrobatika üzrə Bakı çempionatında iki paytaxt idman cəmiyyətlərinin birinci yerə layiq görülməsi – gimnastika ötən həftə bunlarla yadda qaldı.

Sloveniyanın Maribor şəhərində bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışları keçirilmişdir. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, finalda gürzlərlə çıxış edən Aliyə Qarayeva, Rusiya gimnastı Yevgeniya Kanayeva və Ukrayna gimnastı Anna Bessonovadan geridə qalaraq, 3-cü yerə (18.25 xal) layiq görülmüşdür.

- Təsnifat yarışlarında Aliyə həmin alətlə 18.05 xal toplayaraq, həmçinin üçüncü yeri qazanmışdır, - deyə, məşqçi Marina Qovorova bildirir. – Finalda isə mən onun hər bir hərəkətini diqqətlə izlədim və mənim fikrim hakimlərin fikiri ilə üst-üstə düşdü – o, bir gün əvvəlki çıxışından fərqli olaraq, hərəkətləri daha yaxşı və qüsursuz icra etdi, və daha çox xal qazandı.

Digər finallarda Qarayeva aşağıdakı yerlərə layiq görülmüşdür: lentlə 4-cü, iplə - 6-cı və halqa ilə 8-ci yer. Çoxnövçülükdə, o, 71.05 xalla 5-ci olmuşdur.

Ölkənin digər gimnastı Anna Qurbanova çoxnövçülükdə 13-cü yeri (65.375 xal) qazanmışdır. Sloveniyada cəmi 33 gimnast çıxış etmişdir.

Yunanıstanın Kalamata şəhərində isə Zeynəb Cavadlının iştirak etdiyi bədii gimnastika üzrə beynəlxalq turnir keçirilmişdir. İdmançımız mütləq hesabda 28 iştirakçı arasında 10-cu yeri tutaraq, gürzlərlə (14.175 xal) və lentlə (14.575 xal) iki finalda iştirak etməyə nail olmuşdur. Həmin çıxışların nəticələrinə görə, Zeynəb 7-ci yerləri tutmuşdur. Mükafatları Rusiya, ABŞ, Bolqarıstan və Gürcüstan gimnastları bölüşdürmüşlər.

Azərbaycan gimnastlarının “Dünya Kuboku” adlı növbəti dayanacağı 17-20 aprel tarixlərində Portimau olacaq. Cənubdan Kadis körfəzi, qərbdən isə Atlantik okeanın suları ilə əhatə olunan Portuqaliyanın bu şəhərinə, Qarayeva, Cavadlı və Dinarə Gimatova, habelə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət ölkənin qrup komandası yollanacaq. Yuniorlar arasında turnirdə isə Samirə Mustafayeva və Səbinə Abbasova çıxış edəcəklər.

Nəhayət, iki paytaxt idman cəmiyyətinin rəqabətinə çevrilən akrobatika gimnastikası üzrə Bakı çempionatı haqda. Bakı Gimnastika Məktəbindən Afaq Məhərrəmova-Pərizad Quliyevadan ibarət qadın cütlüyü və qarışıq duetdə onlarla eyni klubun üzvü olan Faiq Sultanov-Tamara Babakişiyeva çempion adına layiq görülmüşlər. Buna cavab olaraq, Nizami rayonunun idman məktəbinin təmsilçiləri də iki dəfə çempion adına layiq görülmüşlər. Kişi cütlüyündən Emil Yarəhmədov-Elçin Məmmədov və kişi qrupundan Nahid Ağadədəyev, Pərvin Pənahov, Adil Feyzullayev və Ömər Səidov öz növləri üzrə ən yaxşı çıxış nümayiş etdirmişlər.