İdman

gimnastikadan

başlayır

İZMİRDƏN BİR BÜRÜNCLƏ

24 oktyabr 2011

İZMİRDƏN BİR BÜRÜNCLƏ

Azərbaycan gimnastı Gülsüm Şəfizadə İzmirdə keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumatına görə, 13 yaşlı bakılı idmançı təsnifatdan finala çıxıb və orada topla hərəkətlərdə 3-cü yeri tutub.
Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, gimnast digər kompozisiyaları ilə də yaxşı təəssürat yaradıb. "Bu, onun klublararası dünya çempionatında (28-30 oktyabrda Tokioda keçiriləcək) da uğurlu çıxış edəcəyinə ümid etməyə əsas verir. Orada o, "Neftçi" komandasının tərkibində Aliyə Qarayeva və Anna Qurbanova ilə birgə çıxış edəcək", - bolqarıstanlı mütəxəssis bildirib.
Milli komandanın lideri Aliyə Qarayevaya gəldikdə, o, İtaliyada keçirilən klub çempionatının A1 seriyasının birinci turunda iştirak edib. Onun "Ritmika Pyemont" komandası hesabat turundan sonra 6-cı yeri tutur. Aliyənin özü isə bir alətlə - topla çıxış edib və 27.325 bal toplayıb. Bu komandada və rusiyalı Darya Dmitriyevadan sonra bu növ üzrə çıxış edən bütün gimnastlar arasında ən yüksək göstərici olub.
А1 seriyasının ikinci turu noyabrın 5-də Milan yaxınlığındakı Pavia adlanan şəhərdə keçiriləcək.
Bolqarıstanın Varna kurort şəhərində isə akrobatika gimnastikası üzrə yaş qruplarının Avropa yarışları başa çatıb. Azərbaycanı bu Avroforumda Murad Məmmədov və Murad Kərimovdan ibarət kişi cütlüyü təmsil edib.
"Demək olar ki, bu duetin debütü baş tutub. Təsnifatda onlar balans (25.15 bal) və dinamik (26.65) hərəkətlərini yerinə yetirdikdən sonra 8-ci olublar və qarışıq kombinasiyalar göstərmək hüququnu əldə ediblər. Finalda üçüncü yeri tutmaq üçün azacıq yarış təcrübəsi və 0.75 balı çatmayıb. Nəticədə onlar 4-cü yeri tutublar, rusiyalı akrobatlar isə çempion olublar", - beynəlxalq dərəcəli hakim İradə Qurbanova deyib.