İdman

gimnastikadan

başlayır

“Challenge” iştirakçıları sərin yay axşamında Bakı sakinlərini bir araya topladı

18 iyun 2023

“Challenge” iştirakçıları sərin yay axşamında Bakı sakinlərini bir araya topladı

Bu gün paytaxtımızda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i start götürdü.
 “Challenge”-də 46 komandadan 446 iştirakçı bir-birindən maraqlı və rəngarəng çıxış proqramları ilə paytaxt sakinlərinin qəlbinə yol tapmağa çalışdı.
Azərbaycan gimnastlarına bu dəfə Litvanın “Little autumn” və Gürcüstanın “Dio dance” komandaları da qoşuldu.
Yaşından və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxsin məşğul ola biləcəyi bu idman növü onu izləyənləri heyran etməyə bilməz. Tədbir çərçivəsində baş tutan yürüş, komandaların çıxışları, ustad dərsləri, əyləncə dolu proqramlar şəhərimizin sakinləri və qonaqlarını valeh edir, insanlara xoş ovqat və əsl bayram əhval-ruhiyyəsi bəxş edir.
Tamaşaçılar əvvəlcə müsabiqə iştirakçılarının “Dəniz mall” ticarət mərkəzinin yaxınlığından başlayıb Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydanda başa çatan yürüşünü izlədilər.
Daha sonra gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-in  təntənəli açılış mərasimi baş tutdu.
Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Sonra Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin prezidenti Xlif Torgeysdottir və Azərbaycanın gimnastika hamı üçün növü üzrə baş məşqçisi, Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin üzvü Ruslan Eyvazov çıxış etdilər.  
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra “Challenge” iştirakçılarının çıxışları başladı. Festivalın keçirildiyi meydanda çoxsaylı tamaşaçı kütləsi komandaların çıxışlarına böyük maraqla tamaşa etdilər.
Tədbirdə Bakı idmançıları ilə yanaşı, Azərbaycanın 20 rayonundan nümayəndələr də iştirak etdilər.
Tədbirin sonunda bütün iştirakçılar mükafatlandırıldılar. “Ən gözəl kostyum” nominasiyasına Naxçıvan Olimpiya Stadionu komandası, “Ən yaxşı xoreoqrafiya” nominasiyasına isə paytaxtın “Moonlight” komandası layiq görüldü.
Sabah tədbir çərçivəsində keçiriləcək Qala-şouda Avroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımov öz rəngarəng çıxışları ilə tamaşaçılara xoş anlar bəxş edəcək. Eləcə də “Challenge”-də fərqlənən 21 komanda öz çıxışını nümayiş etdirəcək.