28 may 2022
Mayın 27-si və 28-də Şəki Olimpiya İdman Kompleksində ilk dəfə bədii gimnastika üzrə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışı keçirildi.
Yarışda idmançılar fərdi (yeniyetmələr - 2010-2011-ci il, gənclər - 2007-2009-cu il, böyüklər - 2006-cı il və daha böyük) və qrup hərəkətləri proqramında (yeniyetmələr - 2010-2011-ci il, böyüklər – 2006-cı il və daha böyük) mübarizə apardılar.
İki günlük yarışda fərdi və qrup hərəkətləri proqramında çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşdi.
Qeyd edək ki, ilk dəfə idi ki, Şəkidə bədii gimnastika üzrə yarışlar təşkil olunurdu. Bu xəbər şəkili azarkeşlərin böyük sevincinə səbəb olmuşdu. Azarkeş sayının çoxluğundan Dostluq yarışının Şəkidə əsl bayram əhval-ruhiyyəsi yaratdığı hiss olunurdu. Məhz bölgə yarışında böyük izdiham və coşqunun müşahidə edilməsi bir daha təsdiqləyir ki, ölkəmizdə idmana, eləcə də gimnastikaya nəinki paytaxtımızda, həmçinin bölgələrimizdə də böyük maraq var.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən milli yarışların, gimnastlarımızın mötəbər yarışlar ərəfəsində yoxlama məşqlərinin, müxtəlif nümunəvi çıxışlarının eləcə də, ustad dərslərinin bölgələrdə təşkili artıq bir ənənə halını alıb.
Xatırladaq ki, ilk dəfə olaraq 2011-ci ildə bədii gimnastika üzrə 18-ci Azərbaycan çempionatı paytaxt Bakıda deyil, məhz Qusarda keçirilib. 2015-ci ildə isə Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok təşkil edilib.
Dostluq yarışının bölgədə təşkil olunması regionlarda gimnastikanın inkişafı, bu növə olan marağın və kütləviliyin artırılması məqsədi daşıyırdı.
Yarışlar haqda ətraflı məlumatı www.agf.az saytından əldə edə bilərsiniz.