İdman

gimnastikadan

başlayır

“Flame” komandası 1-ci yerə layiq görüldü

10 iyul 2026

“Flame” komandası 1-ci yerə layiq görüldü

İtaliyanın Pistoya şəhərində “Gimnastika hamı üçün” növü üzrə 5-ci European Gym for Life Challenge festivalı keçirilib. Festivalda 21 ölkədən 4000-ə yaxın gimnast iştirak edib. Ölkəmizi təmsil edən “Flame” komandası 74 komanda arasında uğurla çıxış edərək qızıl medala layiq görülüb. Komandamız kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə həm tamaşaçıların, həm də münsiflər heyətinin rəğbətini qazanıb.
Qaliblərin mükafatlandırma mərasimində Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov iştirak edib.

European Gym for Life Challenge Avropanın ən nüfuzlu “Gimnastika hamı üçün” festivallarından biridir. European Gymnastics tərəfindən iki ildən bir təşkil olunan bu beynəlxalq tədbir müxtəlif ölkələrdən komandaları bir araya gətirərək yaradıcılığın, texniki ustalığın və komanda ruhunun nümayiş etdirildiyi mötəbər platforma rolunu oynayır.

12–16 iyul tarixlərində isə “Gimnastika hamı üçün” növü üzrə "EUROGYM 2026" festivalı keçiriləcək. İki ildən bir təşkil olunan festival bu dəfə 25 ölkədən 5000-ə yaxın iştirakçını bir araya gətirəcək. Kütləviliyi və rəngarəng proqramı ilə seçilən EUROGYM müxtəlif yaş qruplarından olan gimnastlara öz bacarıqlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq dostluq əlaqələrini möhkəmləndirmək üçün unikal imkan yaradır. Festivalın əsas məqsədi sağlam həyat tərzini və “Gimnastika hamı üçün” fəlsəfəsini təşviq etməklə yanaşı, idman vasitəsilə müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməkdir.