İdman

gimnastikadan

başlayır

“Gimnastika hamı üçün” növü üzrə ilk vebinar start götürdü

09 dekabr 2020

“Gimnastika hamı üçün” növü üzrə ilk vebinar start götürdü

Bu gün Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən ilk dəfə təşkil edilmiş “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar start götürüb. 

Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ölkənin demək olar ki, bütün şəhər və rayonları -  Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer alıb. 

Vebinar “Gimnastika hamı üçün” növü üzrə yığma komandanın Baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən keçirilir. Vebinarın məqsədi iştirakçılara “Gimnastika hamı üçün” haqda ümumi məlumat vermək, bu növ üzrə təşkil edilən əsas yarışlar və tədbirlər (Ümumdünya Gimnastradası, “World Gym for Life Challenge”, “EUROGYM”, “European Gym for Life Challenge”, “Qızıl yaş” festivalı), bu növlə məşğul ola biləcək şəxslər, yaş qrupları haqqında məlumatlandırmaq, eləcə də bu növün ölkə ərazisində inkişaf imkanlarını müzakirə etməkdir.

M. Vasilevanın bildirdiyinə görə vebinarın elə ilk günündən iştirakçılar böyük maraq nümayiş etdiriblər: “İştirak edən şəxslər bu gün vebinarda çox aktiv şəkildə iştirak etdilər, hər kəs məmnunluğunu bildirdi. Qeydiyyatdan keçmiş iştirakçıların demək olar ki, hamısı bu gün vebinara qatılmışdı. Biz “Gimnastika hamı üçün” növünün ölkəmizdə inkişafı üçün çox ümüdlüyük.”

Xatırladaq ki, ödənişsiz əsaslarla təşkil edilmiş bu vebinar 11 dekabr tarixində yekunlaşacaq.