İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI QAZAXISTAN, POLŞA VƏ RUSİYADAKI TURNİRLƏRDƏ MEDALLAR QAZANIBLAR

06 iyun 2011

AZƏRBAYCAN GİMNASTLARI QAZAXISTAN, POLŞA VƏ RUSİYADAKI TURNİRLƏRDƏ MEDALLAR QAZANIBLAR

Azərbaycan gimnastı Aliyə Qarayeva yaxın keçmişin məşhur idmançısı, adaşı Aliyə Yusupova mükafatı uğrunda Qazaxıstandakı beynəlxalq turnirin qalibi olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, Qarayeva halqa ilə birinci hərəkətdən sonra liderliyi dərhal ələ keçirib, topla ikinci və gürzlərlə üçüncü çıxışından sonrа heç kim onun xalça sahibi Marina Petrakova üzərindəki qələbəsinə şübhə etməyib.

Fəxri kürsünün üçüncü pilləsinə digər Azərbaycan gimnastı Anna Qurbanova, eləcə də eyni sayda xal toplamış rusiyalı gimnast Yana Lukonina çıxıb.

Mərkəzi Asiyadakı yarışlarda gimnastlarımız qızıl və bürünc medallar qazanıblarsa, Avropanın mərkəzində - Polşada keçirilən Baltic Cup turnirində zəriflərimiz gümüş mükafatlarla kifayətləniblər.

Ceyla Quliyeva, Anastasiya Prasolova, Ayelita Xələfova, Səbinə Abbasova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası 3 lent və 2 halqa ilə hərəkətlərdə ikinci yeri tutaraq İsraildən olan kollektivdən geri qalıblar.

İkinci gümüş mükafatı yeniyetmələrin yarışında çıxış edən 12 yaşlı Ləman Hacızadə alıb. Burada isə qalib rusiyalı gimnast olub.

Digər iştirakçılarımıza gəlincə, Zeynəb Cavadlı çoxnövçülükdə 22 gimnast arasında bütün finallara düşərək altıncı olub. Ən yaxşı nəticəni o, topla hərəkətlərdə göstərib və beşinci yeri tutub. Yeniyetmələrin turnirində çıxış edən 1998-ci il təvəllüdlü Gülsüm Şəfizadə səkkizinci yeri tutub.

Moskvaətrafı Zveniqorodda keçirilən daha bir yarışdan gənc gimnastlarımız medallarla qayıdıblar. Belə ki, ikinci yerə Lalə Kramarenko (2004-cü il təvəllüdlü) və Leyli İbrahimova, Darya Sorokina, Balaxanım Əhmədova, Ləman Hacıyeva və Nuranə Mənsurovadan (2001-2002-ci il təvəllüdlü) ibarət "Spartak" idman cəmiyyətinin qrup komandası çıxıb. Bununla yanaşı, 10 yaşlı Leyli İbrahimova şəxsi hesabda da bürünc mükafatçı olub.