İdman

gimnastikadan

başlayır

Batutçularımızdan qızıl, qadın idman gimnastımızdan isə bürünc medal

09 iyul 2018

Batutçularımızdan qızıl, qadın idman gimnastımızdan isə bürünc medal

Bu həftəsonu İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə Dünya Kuboku öz işinə yekun vurub. 18 ölkə arasında Azərbaycan təmsilçilərinin də yer aldığı turnir milli komandamız üçün uğurla nəticələnib. Belə ki, Azərbaycanın batut gimnastikası tarixində məhz kişilərin sinxron proqramında ilk dəfə olaraq təmsilçilərimiz qızıl medal əldə ediblər. Cütlüyümüz Ruslan Ağamirov və İlya Qrişuninin final mərhələsindəki dəqiq və səhvsiz çıxışları onlara 50.050 xal qazandırıb və bununla da bütün rəqiblərini üstələməyi bacaran gimnastlarımız Arosanın idman arenasında Azərbaycan Himnini səsləndiriblər.

Həmin şəhərdə Dünya Kuboku ilə paralel keçirilən “Nissen Cup” adlı beynəlxalq turnirdə isə gənc gimnastımız Selcan Mahsudova çıxış edib. Batutçumuz final mərhələsinə 1-ci yerdən adlasa da, həlledici çıxışında səhvə yola verərək, 7-ci olub.

Batutçularımızla yanaşı idman gimnastlarımız da qatıldıqları turnirdən əli boş qayıtmayıblar. 6-8 iyul tarixlərində Türkiyənin Mersin şəhərində baş tutan “Challenge” seriyasına aid Dünya Kubokunda qadın idman gimnastımız Yulia İnşınanın gimnastika tirindəki çıxışı ona turnirin bürünc medalını qazandırıb (12.100 xal). Dayaqlı tullanma və sərbəst hərəkətlərdə də finala düşən gimnastımız hər iki çıxışına görə 4-cü olub. Müxtəlif hündürlüklü qollarda isə təmsilçilərimiz Mariya Smirnova və Marina Nekrasova müvafiq olaraq 4-cü və 5-ci pillədə qərar tutublar.

Kişi idman gimnastlarımızdan isə ən yaxşı nəticə Dariy Morozova aid olub. Təmsilçimiz sərbəst hərəkətlər və dəstəli at üzərində çıxışı ilə yarışları 4-cü yerlə başa vurub.