27 fevral 2012
Azərbaycan gimnastı Mixail Malkin Vinnitsada keçirilən tamblinq üzrə ənənəvi beynəlxalq turnirin mütləq qalibi olub!
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, Bakı Gimnastika Məktəbinin 16 yaşlı yetirməsi Ukraynada keçirilən turnirdə yüksək məharət göstərib. Vint hərəkətlərin əla texniki icrası və qarışıq tullanışların çətinliyi ilə birgə salto kombinasiyasının yüksəkliyi onu yeniyetmələrin turnirinin qalan 11 iştirakçısı üçün əlçatmaz edib.
"Mən bu yarışlarda birinci dəfə iştirak etmirəm, lakin ilk dəfə qalib gəlməyə və arzuolunan kuboku başım üzərinə qaldırmağa nail oldum, Malkin Ukrayna televiziyasına müsahibəsində deyib. Avropa çempionatı yaxınlaşmaq üzrədir və mən bütün gücümü toplayacağam ki, mümkün qədər uğurla çıxış edim".
Tanınmış ukraynalı mütəxəssis Leonid Qolyak deyib ki, Malkinin təmiz qələbəsi onu heyrətləndirib.
"Malkin final hərəkətini əvvəlki iki tapşırıqdan daha inamla yerinə yetirdi, halbuki bir çoxları bunun əksini edir. Onun perspektivlərinə gəlincə, güman edirəm ki, tullanışların mürəkkəbliyini getdikcə artırmaq lazımdır, axı o, tezliklə böyüklər kateqoriyasına qoşulacaq. Düşünürəm ki, Malkin qarşıdakı Avropa və dünya çempionatlarına qədər bütün mənalarda böyüyəcək və tamamilə başqa nəticələr göstərəcək", Qolyak bildirib.
Azərbaycan bayrağı gimnastlarımızın şərəfinə daha üç dəfə Vinnitsanın idman kompleksində yüksəklərə qaldırılıb. Tullanma üzrə böyüklər arasında yarışan Hafiz Rzayev ev sahiblərinə uduzaraq üçüncü olub.
Nəhayət, akrobatların turnirlərində iştirak edən Afaq Məhərrəmli-Pərizad Quliyevadan ibarət qadın cütlüyü gümüş medala, İbrahim Rəcəbli-Emiliya Nəzərlidən ibarət qarışıq duet isə bürünc medala sahib çıxıb.