İdman

gimnastikadan

başlayır

"Qızıl Yaş" adlı gimnastika şousu baş tutdu

10 dekabr 2018

Dünən, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok öz işinə yekun vurdu. 4 gün davam edən turnirdə 300-ə yaxın gimnast xalça üzərində öz bacarıqlarını nümayiş etdirdilər. Bəzən həyəcanlı, bəzən də özünə inamlı çıxışları ilə hakimlərin rəğbətini qazanan iştirakçılar, öz proqramlarının öhdəsindən layiqincə gəlməyə çalışdılar. Ölkə birincisi adı uğrunda gedən mübarizənin sonunda qaliblər müəyyənləşərək, fəxri kürsüdə öz yerlərini aldılar.

Yarışın son günü isə xalçada əsl gimnastika bayramı yaşandı. Hər kəsin səbirsizliklə gözlədiyi “Qızıl Yaş” adlı şou bütün möhtəşəmliyi ilə tamaşaçıların yaddaşında iz buraxa bildi. Artıq bir neçə gün idi ki, milli komandanın və bir sıra gimnastika klublarının məşqçiləri məsuliyyətli çıxışa hazırlaşmışdılar. Gimnast karyeralarını illər öncə bitirmələrinə baxmayaraq, onlar bu dəfə izləyicilərin və yetirmələrinin qarşısında öz kompozisiyalarını ardıcıl olaraq təqdim etdilər.

Günün ən həyəcanla gözlənilən məqamı isə milli komandanın Baş məşqçisi Mariana Vasilevanın çıxışı oldu. Xalça üzərində öz kompozisiyasını ecazkar şəkildə icra edən Baş məşqçi öz enerjisi və çevikliyi ilə sanki illərə meydan oxudu. Tamaşaçılar isə bütün çıxışları öz alqışları ilə dəstəkləyərək, zalda böyük ruh yüksəkliyi yaratdılar.  

Bir-birindən maraqlı kompozisiyalar icra edən və meydançada qüsursuz olmağa çalışan şounun iştirakçıları sözün əsl mənasında peşəkarlıqlarını və gimnastikaya olan sonsuz sevgilərini bir daha sübut etdilər. Yeni nəsil gimnastlara stimul vermək məqsədilə hazırlanan kompozisiyalara bu idman növünün bütün incəliklərini sığdırmağa çalışan məşqçilər bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldilər.

Bir daha yarışlarda qalib gəlmiş bütün gimnastları tərbik edir, “Qızıl şou”nun iştirakçılarına isə hər zaman belə sağlam və gümrah qalmağı arzu edirik!