05 fevral 2016
Azərbaycanın bədii gimnastika üzrə 2015-ci ilin gənclərdən ibarət qrup hərəkətləri komandası ötən həftə sonu Danimarkada keçirilən “DGI 2016” beynəlxalq gimnastika şousunda iştirak edib. Əfsanəvi pop kralı Maykl Ceksonun məşhur “Smooth Criminal” mahnısının sədaları altında 5 topla çıxışları ilə Avropada populyarlıq qazandıqdan sonra “Ceksonlar” adlanan qrup təşkilatçılar Danimarkanın gimnastika və idman assosiasiyaları tərəfindən şouya dəvət olunub. “Ceksonlar” Danimarkanın Alborq, Herninq və Farum şəhərlərində tamaşaçıları öz gözəl kompozisiyaları ilə heyran ediblər.
İki ildən bir keçirilən şounun məqsədi Danimarka tamaşaçılarına gimnastika, rəqs və sirk aləmindən olan, müxtəlif ölkələri təmsil edən idmançı və artistlərin dünya səviyyəli çıxışlarını təqdim etməkdir. Bütün bunlar gimnastika, tamblinq, dayaqla tullanma və rəqs elementlərinin kombinasiyasını özündə əks etdirən şou ilə dünya səyahətinə çıxan 28 seçilmiş kişi və qadın gimnastlardan ibarət Danimarkanın Milli Komandasının çıxışları ilə ahəng təşkil edir.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası ilə yanaşı, İsveç, Kanada, Norveç, Almaniya, Yaponiya, Efiopiya, Cənubi Afrika və Danimarkadan olan artistlər də öz qeyri-adi çıxışları ilə izləyiciləri sevindiriblər.
“Ceksonlar” və onların 5 topla çıxışının hekayəsi, 2015-ci ildə Minskdə (Belarus) keçirilən Avropa Çempionatında Azərbaycanı yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının tərkibində təmsil etmək məqsədilə qızların bir araya gətirilməsi ilə başladı. Avropa Çempionatında bürünc medalın bir addımlığında dayanan qrup ilk olaraq İlahə Məmmədova, Fatimə Cəfərova, Simarə Cəfərova, Darya Sorokina və Züleyxa İsmayılovadan ibarət idi. “DGI 2016” beynəlxalq gimnastika şousunda iştirak edən qrupun tərkibində isə kiçik bir dəyişiklik olmuşdur. Belə ki Züleyxa İsmayılova Zöhrə Ağamirova ilə əvəz olunmuşdur.
Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva tərəfindən qurulmuş kompozisiyanın ən gözəl hissəsi isə rəqs addımlarıdır. Əfsanəvi Maykl Ceksona məxsus olan addımların qızlarımız tərəfindən sinxron icrası Avropada hələ də məşhurdur. Fasilələr zamanı gimnastlar şounun digər iştirakçılarına bu hərəkətləri necə icra etdiklərini həvəslə öyrədirdilər.