İdman

gimnastikadan

başlayır

“Ocaq Sport” Klubu hər kəsi bayram ocağı ətrafında toplayıb

20 mart 2024

“Ocaq Sport” Klubu hər kəsi bayram ocağı ətrafında toplayıb

“Ocaq Sport” Klubu xalqımızın qədim milli bayramı olan Novruz bayramı ərəfəsində gimnastikasevərlərə sevinc bəxş edib. “Torpaq çərşənbəsi” adlandırılan Novruz bayramından əvvəlki ilaxır çərşənbə axşamında Bakı Olimpiya İdman Kompleksində “Ocaq” Sport Klubunun təşkilatçılığı ilə “Ocağın Novruz bayramı” adlı bahar şənliyi təşkil edilib.
Şənliyi gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva da izləyiblər.
Əvvəlcə qonaqları gimnastların tərənnüm etdiyi Novruzun ənənəvi personajları - Bahar qızı, Kosa və Keçəl qarşılayıb. Onlar tamaşaçılara, xüsusən də uşaqlara çoxlu sevincli anlar bəxş ediblər. Kosa və Keçəl bir-biri ilə zəka yarışı keçirib, tamaşaçılara “Ocaq Sport” Klubunun fəaliyyəti ilə bağlı suallar verib, tədbirin balaca iştirakçıları ilə yumurta döyüşdürüb, düzgün cavab verənlərə hədiyyələr veriblər.
Müxtəlif gimnastika növlərini təmsil edən idmançılar və klub məşqçiləri təkcə gimnastika istedadlarını deyil, həm də aktyorluq məharətlərini nümayiş etdiriblər.
Bahar əhval-ruhiyyəli bayram şənliyində klubun idmançıları tərəfindən ölkəmizin adət-ənənələrini, mədəniyyətini tərənnüm edən gimnastika və nümunəvi çıxışlar, musiqi və milli rəqs kompozisiyaları göstərilib.  

Dostluq, əyləncə və sevinc ab-havasının hökm sürdüyü tədbirdə klubun maskotu "Oci" şənlik iştirakçılarını əyləndirərək, uşaqlarda təbəssüm və xoş emosiyalar yaradıb.
Sonda klubun idarə heyətinin sədri Vəfa Bəkərova tədbir iştirakçılarını, qonaqları, bütün gimnastika ailəsinin üzvlərini kompleksin həyətində qalanmış tonqal ətrafına dəvət edib.
Gimnastika ailəsi adından Novruz bayramı münasibətilə hər kəsi təbrik edir, hər bir ailəyə sağlamlıq, firavanlıq və bahar əhval-ruhiyyəsi arzulayırıq.