İdman

gimnastikadan

başlayır

“Ocaq Sport” klubunun 10 illik yubileyinə həsr olunmuş Qala şou

12 dekabr 2023

“Ocaq Sport” klubunun 10 illik yubileyinə həsr olunmuş Qala şou

Böyük və mehriban gimnastika ailəsi olan “Ocaq Sport” Klubu 10 illik yubileyini heyrətamiz gimnastika şousu ilə qeyd etdi.

Dekabrın 9-da Milli Gimnastika Arenasında keçirilən “Ocağın alovları” adlı möhtəşəm Qala şou onu izləməyə gələnlərə unudulmaz anlar bəxş etdi.

Şounun adı təsadüfi seçilməyib. 2013-cü ildə fəaliyyətə başlayan “Ocaq Sport” Klubunda ümumilikdə gimnastikanın 11 növü üzrə (bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, “TeamGym”, parkur, gimnastika hamı üçün, hava gimnastikası və xüsusi olimpiya üzrə gimnastika) minə yaxın idmançı məşq edir. Təqdim olunan şounun əsas mövzusu klubun bütün üzvlərinin və gimnastikanın bütün növlərinin birliyi idi.

Hər bir gimnastika növünün fərdiliyini, özəlliyini və zərifliyini nümayiş etdirən füsunkar gimnastika şousu izləyicilərə xoş əhval ruhiyyə bəxş etdi. Klubun maskotu "Oci" isə şou iştirakçılarını əyləndirərək, onlarda təbəssüm və xoş emosiyalar yaratdı.

Daha sonra “Ocaq Sport” Klubunun 10 illik fəaliyyətindən, uğur və nailiyyətlərindən bəhs edən videoçarx təqdim olundu.  Videoçarxda klubun yetirmələrinin yerli yarışlarda və dünyanın müxtəlif ölkələrində təşkil olunan mötəbər turnirlərdə Azərbaycanın bayrağını qürurla dalğalandırmaları, onların yığma komandaların heyətinə cəlb olunmaları, idman ocağının müxtəlif bölgələrdə (Naxçıvan, Qax, Şamaxı, Zaqatala, Ağdaş və Sumqayıt) bölmələrinin fəaliyyəti öz əksini tapdı.

Şou nümunəvi çıxışlarla davam etdi. Berlində keçirilən Ümumdünya Xüsusi Olimpiya Yay Oyunlarının “qızıl” və “bürünc” mükafatçısı Mehriban Tağıyeva (bədii gimnast), o cümlədən Xüsusi Olimpiyaçı Fərid Ociyev çıxış proqramını nümayiş etdirdi.

Şouda “Ocaq Sport” Klubunun kiçik yaşlı gimnastları ilə yanaşı, klubun yetirmələri olan və yığma komandanın heyətində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçıları, Olimpiya Oyunlarının iştirakçıları, həmçinin Paris-2024-də keçiriləcək Olimpiya Oyunlarının vəsiqə qazanan idmançılar da yer almışdı.

Qala gecədə “alov”ların rəqsi adlı xüsusi nömrə təqdim olundu. Bu rəqs gimnastika növlərinə məxsus fərdi xüsusiyyətləri, güc və gözəlliyi nümayiş etdirdi. Sonda “alov”ların bir vəhdət təşkil edərək birləşməsi “Ocaq” ailəsinin simvolu kimi, birliyi, dostluğu və həmrəyliyi əks etdirirdi.

Zalda tamaşaçı qismində əyləşən kiçik gimnastlar öz komanda yoldaşlarını hərarətlə dəstəkləyirdilər. İdmanda ilk addımlarını atan şounun kiçik izləyiciləri də nə vaxtsa özlərini belə bir tədbirin iştirakçısı kimi təsəvvür edirdilər.

Şounun sonunda bədii gimnast, qrup hərəkətləri proqramında Pekin  olimpiadasının finalçısı, hazırda klubun idarə heyətinin sədri Vəfa Bəkərovanın ifasında qısa çıxış nömrəsi nümayış olundu.

Təşkilatçılar tərəfindən Qala şousunun ərsəyə gəlməsində əziyyəti olan xoreoqraflara, xüsusilə baş xoreoqraf Kamil Quliyeva, məşqçilərə, işçi heyətinə və Azərbaycan Gimnastika Federasiyasına dərin minnətdarlıq bildirildi.

Şounun sonunda göydən yerə buraxılan şarlar yeni il bayramı ərəfəsində gimnastlara  bayram ab-havası yaşatdı və onlar Milli Gimnastika Arenasını yüksək əhval-ruhiyyə ilə tərk etdilər.

Əziz, gimnastikasevərlər, dekabrın 27-si Milli Gimnastika Arenasında daha bir möcüzəvi bayram ab-havası yaşanacaq. Sizi Milli Gimnastika Arenasında keçiriləcək “Oyuncaqların sərgüzəştləri” adlı əyləncəli Yeni il şousunu izləməyə dəvət edirik.