İdman

gimnastikadan

başlayır

“Qış nağılı” beynəlxalq turnirinin ilk günü başa çatdı

15 dekabr 2024

“Qış nağılı” beynəlxalq turnirinin ilk günü başa çatdı

14 dekabr tarixində start götürən “Qış nağılı” beynəlxalq turnirinin ilk günü həyəcanla başa çatdı. Turnirin birinci günündə 2009-2018-ci il təvəllüdlü gənc gimnastlar parlaq performanslarını və qışın füsunkar ab-havasını bir araya gətirdi.
İncə gimnastika elementləri, gimnastların nağılvari çıxışları qışın sehri ilə birləşib izləyicilərə unudulmaz anlar bəxş etdi.  
Xarici ölkələrin gimnastika federasiyalarının, klublarının və yerli gimnastika cəmiyyətlərinin gimnastları arenada öz bacarıqlarını nümayiş etdirərək hər kəsi heyran etdilər.
Gün ərzində fərdi və qrup çıxışlarında gimnastlar texniki bacarıqlarını, ustalıqlarını və qətiyyətlərini sərgilədilər. Lent, halqa, top və gürzlərlə icra olunan hərəkətlər turnirə həm rəng, həm də unudulmaz anlar qatdı. Tamaşaçılar isə hər çıxışı böyük coşqu ilə izləyərək gimnastlara dəstək oldular.
Arenada hiss olunan rəqabət və həyəcan yarışı daha da maraqlı edirdi.

Bu turnirin ən yadda qalan anlarından biri bədii gimnastika üzrə milli komandamızın qüruru, ilk azərbaycanlı 2 qat Olimpiya iştirakçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının mükafatçısı, Avropa çempionatının medalçısı, Dünya çempionatının finalçısı Zöhrə Ağamirovanın peşəkar gimnastika karyerasını bitirməsinin açıqlanması oldu.
Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri Zöhrəni səhnəyə dəvət edərək ona “Azərbaycan gimnastikasına verdiyi töhfələrə görə” təltifnamə və hədiyyələr təqdim etdi. Zöhrə isə gimnast olmaq üçün ilk addımlarını atdığı Milli Gimnastika Arenasının səhnəsində son və möhtəşəm çıxışını etdi.
Zöhrə Ağamirovaya gimnastikaya verdiyi bütün töhfələrə görə təşəkkür edir, həyat yolunda uğurlar arzulayırıq.

Beləliklə, səbrsizliklə gözlənilən “Qış nağılı” beynəlxalq turnirinin ilk günü böyük coşquyla sona çatdı.