İdman

gimnastikadan

başlayır

Holon

26 may 2008

Holon

Azərbaycanın qrup komandası İsrailin Holon şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medallara layiq görülmüşdür.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata əsasən, kollektivimiz ilk çıxışa (3 halqa/4 gürz) görə 16.625 xal, 5 iplə hərəkətlərə görə isə - 0.025 daha artıq xal toplamışdır. Nəticədə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolova xalça sahiblərindən sonra ikinci yerə layiq görülmüşlər.

- Düşünürəm ki, İsraildə keçirilən turnirdə komandamız yaxşı nəticə göstərmişdir, deyə komandanın məşqçisi Marianna Vasileva turnir başa çatdıqdan dərhal sonra bildirdi. Qızlar çox yaxşı çıxış etdilər, onların iplərlə çıxışı İsrail komandasının çıxışından daha yaxşı idi və bütün bunlar hakimlər tərəfindən də bəyənildi.

Bir görəydiniz azarkeşlər bizi necə dəstəkləyirdilər! İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası və onun Bakıdakı filialından olan azarkeşlər, ən fəal azarkeşlər idi. Hesab edirəm ki, bir həftədən sonra İtaliyada start götürəcək Avropa çempionatına biz çox yüksək əhval-ruhiyyədə yaxınlaşırıq!

Həmçinin İsraildə keçirilən Qran-Pri mərhələsində iştirak edən Dinarə Gimatova və Anna Qurbanova Avro-2008-dən əvvəl son hazırlıq turnirini başa çatdırmışlar. Dinarə ən yaxşı nəticələrini finalda halqa (17.675 xal) və lentlə (17.55 xal) nümayiş etdirmişdir – 5-ci yer, çoxnövçülükdə - 7-ci yer.

Qurbanova isə həm ip (16.75 xal), gürzlər (16.625 xal), həm də mütləq hesabda ən güclü gimnastlar arasında 8-ci yerdə qərarlaşmışdır. Bu yarışda programın bütün növlərində birinci olan Rusiya gimnastı Vera Sesinanın tayı bərabəri yox idi.

Daha bir Azərbaycan gimnastı Zeynəb Cavadlı Holonda seniorlar arasında keçirilən beynəlxalq turnirdə iştirak etmişdir. Çoxnövçülükdə üçüncü olmaq üçün “Neftçi” təmsilçisinin cəmi 0.8 xalı çatmadı: nəticə - Özbəkistan, Ukrayna və Estoniyadan olan gimnastlardan sonra 60.1 xalla 4-cü yer.

Sankt-Peterburqda keçirilən Olimpiya çempionu A. Dityatin adına Kubokda çıxış edən Azərbaycanın idman gimnastı Şakir Şıxəliyev də bürünc medala layiq görülə bilərdi. Lakin senior gimnastlardan ibarət qrupda yunior kimi çıxış etməsi və yarış təcrübəsinin olmaması burada öz təsirini göstərdi. Nəticədə Neva çayı üzərindəki şəhərdən, onun bəyaz gecələri, əzəmətli Ermitajı və məşhur asma körpülərinin xatirələri ilə, o, sərbəst hərəkətlərdə, dayaqla tullanma və parallel qollarda 4-cü final yeri, həmçinin atda 8-ci yer ilə qayıtmışdır.

Çoxnövçülükdə Şakir 74.5 xal toplayaraq, 23 iştirakçı arasında 16-cı yerdə qərarlaşmışdır. İlk üç yeri isə Rusiya gimnastları tutmuşlar.

Turnirlərlə zəngin olan həftə sonunda akrobatika gimnastikası üzrə Dünya kuboku üçün də yer tapıldı. Fransanın Publiye-Amfyon şəhərində Azərbaycan qadın cütlüyü (Ayla Əhmədova və Dilarə Sultanova) və kişi qrupu (Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədov) ilə təmsil olunmuşdur. Qadınlardan ibarət duet təsnifat yarışının öhdəsindən asanlıqla gələrək, finala birinci olaraq vəsiqə qazanmışdır. Qrup balans hərəkətlərində piramidanı o qədərdə yaxşı yerinə yetirməmiş, lakin sürətli kompozisiyanı daha yaxşı yerinə yetirmiş və təşkilatçılar onu 8-ci yerdən final mərhələsinə keçirmişlər. Kubokun final hissəsində isə cütlüyümüz qarışıq hərəkətlərdə 6-cı yerə, qrup isə 7-ci yerə layiq görülmüşdür.

Bədii gimnastika üzrə yuniorlar arasında daha bir turnir dünən Yaroslavlda başa çatmışdır. Beynəlxalq turnirdə ilk dəfə çıxış edən 12 yaşlı Aynur Cabbarlı çoxnövçülükdə 21-ci yerə və həmçinin “Turnirin ən zərif iştirakçısı” kimi xüsusi mükafata layiq görülmüşdür.