01 mart 2010
Azərbaycan akrobatları Ukraynanın Vinnitsa şəhərində keçirilən beynəlxalq turnirin yeni mövsümünə uğurla start veriblər.
Qadın cütlüklər arasında hazırki Avropa çempionu Ayla Əhmədova və Dilarə Sultanova dueti qarışıq tapşırığın finalında ikinci yer tutub. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir. Təsnifatda iki tapşırığı uğurla yerinə yetirəndən sonra bizim duet birinci olub, lakin finalda üstünlük Belçikadan olan Florens Henrist və Tatyana de Vosa verilib.
"Necə olur olsun, mən Ayla və Dilarənin nəticəsindən razıyam. Digər güclü cütlüklər kimi biz də Ukraynaya hakimlərə nümayiş etmək üçün tamamilə yeni proqramla gəldik. Hər bir yeni turnirdə biz üstün olacağıq və hesab edirəm ki, Polşada keçiriləcək dünya çempionatında pik formada olacağıq", - məşqçi İradə Qurbanova deyib.
Yeniyetmələrdən ibarət cütlük Pərizad Quliyeva və Afaq Məhərrəmli də Vinnitsada uğurla cıxış edib.
"Burada bizi yenə də Benilüks təmsiçiləri ötüb. Finalda biz onlarla eyni səviyyədə, demək olar ki, onlardan öndə gedirdik, sadəcə olaraq belçikalıların kombinasiya edilmiş ifaları daha mükəmməl oldu", - İ. Qurbanova deyib.
Həmin turnirdə daha bir yeniyetmə cütlük çıxış edib. Aynur Hüseynova və Nərminə Ramazanova debütü onları turnirin altıncı yerində qərarlaşdırıb. Məşqçinin fikrincə, "bu başlanğıc üçün heç də pis deyil".
Akrobatlarımız üçün növbəti yarış Novruz bayramı ərəfəsində Azərbaycan birinciliyi, beynəlxalq arenada isə apreldə Belçikada keçiriləcək turnir olacaq.