26 dekabr 2018
Dünən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akadaemiyasında 2018-ci ilin yekunlarına dair tədbir keçirilib. Tədbirdə, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə müxtəlif nominasiyalar üzrə bu ilin ən yaxşılarını mükafatlandırıb.
Sevindirici haldır ki, Azərbaycan Gimnastika Federasiyası və nümayəndələri bu il də fərqlənənlər sırasında yer alıblar. Belə ki, idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə federasiyamız mükafata layiq görülüb.
Bədii gimnastika üzrə milli komandamızın Baş məşqçisi Mariana Vasileva isə “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” seçilib.
“İlin ən yaxşı idmançıları” nominasiyasında 10 qalib idmançıdan biri tamblinqçimiz, Avropa çempionu Mixail Malkin olub.
Bədii gimnastımız Yelizaveta Luzan isə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdiyinə görə mükafata layiq görülüb.
Mükafatçılarımızı təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq!