21 noyabr 2018
Azərbaycan Gimnastika Federasiyası, 2019-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün “Könüllülər Proqramı - 2019" layihəsinə qəbulu elan edir.
Layihədə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydası və müxtəlif təşkilati məsələrlə bağlı təlim, seminar və görüşlər təşkil olunacaq. Layihə iştirakçıları federasiyanın təşkil etdiyi yerli və beynəlxalq yarışlarda könüllü kimi çalışaraq, dil biliklərinin, idman yarışlarının təşkili və digər sahələrdə təcrübə qazanacaqlar. Layihənin əsas məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təşviq olunması, gənclərin yeni bilik və təcrübə qazanmasına dəstək olmaqdır.
Könüllülər, yarışlarda iştirak edəcək xarici nümayəndə heyətlərini müşaiyət etmək, tibbi xidmət, akkreditasiya, yarışların təşkili, katiblik, mükafatlandırma mərasimi, tamaşaçılar xidməti, mətbuat xidməti və digər sahələr üzrə fəaliyyət göstərəcəklər.
Könüllülər, 2019-ci il ərzində paytaxtmızda baş tutacaq Batut gimnastikası və Tamblinq üzrə (16-17 fevral), İdman Gimnastikası üzrə (14-17 mart) və Bədii Gimnastika üzrə Dünya Kubokları (26-28 aprel), həmçinin Bədii Gimnastika üzrə (16-19 may) və Aerobika Gimnastikası üzrə Avropa Çempionatları (24-26 may), o cümlədən Bədii Gimnastika üzrə Dünya Çempionatında (16-22 sentyabr), bunlarla yanaşı milli yarışlarda da iştirak etmək şansı qazanacaqlar.
“Könüllülər Proqramı - 2019” layihəsinə qatılmaq istəyən şəxslər 5 dekabr 2018-ci il tarixinədək aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.
Link: https://bit.ly/2OXBmxH