07 dekabr 2023
Dekabrın 7-də Milli Gimnastika Arenasının köməkçi zalında Azərbaycan Gimnastika Federasiyası (AGF) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib.
Yarışın açılış mərasimində əvvəlcə Ulu Öndərin idman sahəsinə verdiyi töhfəni əks etdirən videoçarx nümayiş olunub. Dövlət Himninin səsləndirilməsi ilə davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra ADBTİA-nın rektoru Fuad Hacıyev çıxış edərək prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə bir çox yarışların uğurla təşkil olunduğunu bildirib.
Rəsmi çıxışdan sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib.
Yarışda 8 komandanın tərkibində akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan 130-dək tələbə qüvvəsini sınayıb. Fərdi çoxnövçülükdə “Kəlbəcər”, “Cəbrayıl”, “Ağdam” “Şuşa”, “Füzuli”, “Xocalı” “Zəngilan”, “Laçın” komandalarının təmsilçiləri sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar və halqalar ilə hərəkətlərin icrasında mübarizə aparıblar.
Komanda yarışlarında “Füzuli”, “Şuşa”, “Zəngilan”, “Cəbrayıl”, “Laçın”, “Xankəndi”, “Ağdam”-ın üzvləri nəyə qadir olduqlarını nümayiş etdiriblər. Komanda yarışında “Zəngilan” 1-ci, “Füzuli” 2-ci, “Şuşa” isə 3-cü pillədə qərarlaşıb. Qrup çıxışında “Şuşa” 1-ci, “Füzuli” 2-ci, “Zəngilan” komandası isə 3-cü olub. Fərdi çoxnövçülükdə “Zəngilan” komandasının təmsilçisi Rəşad Məmmədov qızıl medal qazanıb. “Füzuli” komandasını təmsil edən tələbələr, Rahib Məmmədov gümüş, Vüsal Səmədov isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, AGF ilə ADBTİA arasında gimnastikasının inkişafı istiqamətində indiyədək bir sıra birgə layihələr uğurla təşkil edilib.
İlk dəfə olaraq “Rektor kuboku”nun keçirilməsində məqsəd bütün idman növlərinin təməlini təşkil edən gimnastika növü vasitəsilə akademiyanın müxtəlif fakültələrində təhsil alan tələbələrin təcrübəsinin artırılması və hazırlıq formalarının gücləndirilməsidir.
Ümid edirik ki, məhz qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi gələcəkdə bu sahədə peşəkar məşqçi-müəllimlərin yetişməsinə öz layiqli töhfəsini verəcək.