31 mart 2022
İdman gimnastikası üzrə Dünya kubokuna start verilib
Bu gün paytaxtımızda Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokuna start verilib.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini Mariana Vasileva gimnastikanın ən maraqlı növlərindən biri olan idman gimnastikasının ölkəmizdə çox sevildiyini, bu növün Olimpiya Oyunlarında da böyük maraqla qarşılandığını bildirib.
Açılış mərasiminin ardınca idmançıların çıxışlarına start verilib. Dünya kubokunun ilk günündə kişi idmançılar sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə çıxışlarını təqdim ediblər. Qadın idman gimnastları isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda mübarizə aparıblar.
Azərbaycanın beş təmsilçisi yarışın ilk günündə qüvvəsini sınayıb. Gimnastımız İvan Tixonov paralel qollar, Mənsum Səfərov sərbəst hərəkətlər, Nikita Simonov isə halqa ilə hərəkətlər üzrə proqramını təqdim edib.
İvan Tixonov paralel qollarda 8-ci pillədə qərarlaşaraq (13.933 xal) finala vəsiqə qazanıb. Nikita Simonov isə halqa ilə hərəkətlərdə 14.266 xalla 6-cı pillədə yer alaraq finala adlayıb.
Qadınlar arasında Samirə Qəhrəmanova dayaqlı tullanma, Milana Minakovskaya müxtəlif hündürlüklü qollar proqramında mübarizə aparıb.
Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.