İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımızdan uğurlu nəticə

07 may 2022

İdman gimnastlarımızdan uğurlu nəticə

Mayın 2-dən 6-dək Gürcüstanın Kutaisi şəhərində kişi və qadın idman gimnastikası üzrə "Kutaisi Cup - Our Future Olympians" adlı 3-cü beynəlxalq turnir keçirilib. Yarışda yığma komandamızın üzvləri ilə yanaşı, “Ocaq Sport” klubunun və Bakı Gimnastika Məktəbinin (BGM) təmsilçiləri də qüvvələrini sınayıblar.
Milli komandanın üzvlərindən qadınlar arasında böyüklər yaş kateqoriyasında Nazənin Teymurova çoxnövçülük, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər proqramında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Gənclər arasında Məryəm Musayeva dayaqlı tullanmada bürünc medala sahib çıxıb.
Qadınlar arasında komanda yarışlarında yığma komandanın üzvü Məryəm Musayeva, “Ocaq Sport” klubunun təmsilçiləri Xədicə Abbaszadə və Leyla Məmmədzadə üçüncü olublar.
Kişilər arasında gənclər yaş qrupunda qüvvəsini sınayan Rəsul Əhmədzadə paralel qollar və dayaqlı tullanmada gümüş, çoxnövçülükdə bürünc medal qazanıb.  
Bu yaş qrupunda çıxış edən Aydın Əlizadə dayaqlı tullanmada gümüş, sərbəst hərəkətlər, turnik və halqa ilə çıxışına görə bürünc medallara sahib çıxıb.  
Mənsum Səfərov böyüklər arasında çoxnövçülük üzrə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Yığma komandanın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə və BGM-nin təmsilçisi Anar Həsənov, həmçinin komanda yarışlarında da mübarizə apararaq ikinci pillədə qərarlaşıblar.
Qeyd edək ki, “Ocaq Sport” klubunun və Bakı Gimnastika Məktəbinin təmsilçiləri də uğurlu çıxışları ilə fərqləniblər.
Yeniyetmələr arasında “Ocaq Sport” klubunun təmsilçisi Albina Əliyeva sərbəst hərəkətlərdə və çoxnövçülükdə qızıl, müxtəlif hündürlüklü qollarda isə gümüş medala yiyələnib. Klubun digər üzvü Leyla Məmmədzadə də bu yaş kateqoriyasında müxtəlif hündürlüklü qollar və gimnastika tirində qızıl, çoxnövçülük, dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollarda gümüş, sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
Kişilər arasında “Ocaq Sport”- un gimnastı  Çingiz Vəliyev yeniyetmələr arasında sərbəst hərəkətlər, turnik və halqa üzrə gümüş, dayaqlı tullanmada isə bürünc medal əldə edib. BGM-nin təmsilçiləri Nihat Muradlı yeniyetmələr arasında çoxnövçülükdə və paralel qollarda, Anar Həsənov isə gənclər arasında paralel qollarda üçüncü yeri tutub.