İdman

gimnastikadan

başlayır

İki dəfə fəxri kürsüdə

23 aprel 2023

İki dəfə fəxri kürsüdə

Dünya kubokunun sonuncu günü bədii gimnastlarımız bizi bir daha sevindiriblər. Dünən çoxnövçülük yarışlarında bürünc medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina bu gün 3 lent və 2 topla hərəkətlərin icrasında da eyni uğuru təkrarlayaraq, 32.300 xalla fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Gimnastlarımız beş halqa ilə kompozisiyaya görə hakimlərdən 32.950 xal alaraq dördüncü yeri tutublar.
Yarışda fərdi növdə də ayrı-ayrı alətlər üzrə də qaliblər müəyyənləşib.
Fərdi proqramda ölkəmizi təmsil edən təcrübəli gimnastımız Zöhrə Ağamirova finalda top və gürzlərlə öz proqramını təqdim edib. İdmançımız topla kompozisiyanın icrası zamanı dünya çempionu, İtaliya təmsilçisi Sofiya Rafaelli və dünya çempionatının bürünc mükafatçısı, Bolqarıstan təmsilçisi Stiliana Nikolovanı qabaqlasa da, hakimlərdən aldığı xal (31.700 xal) mükafatçılar sırasına düşmək üçün yetərli olmayıb. Nəticədə Zöhrə dördüncü pillədə qərarlaşıb. Gürzlərlə çıxışında idmançımız 7-ci yeri (30,950 xal) tutub. Gimnastımız lentlə 9-cu (29.400), halqa ilə (29.750 xal) 26-cı olub.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalı toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunub. Fərdi növdə Bolqarıstan təmsilçisi Stiliana Nikolova, qrup komandaları arasında isə Çin yığması “AGF Trophy” Kubokuna sahib çıxıb.
Bununla da paytaxtımız 2023-cü ildə gimnastika növləri üzrə 4-cü beynəlxalq səviyyəli yarışa uğurla ev sahibliyi edib. Azarkeşlərin gur alqışları, hərarətli dəstəyi ilə 40 ölkədən 135 gimnastın iştirakı ilə keçirilən Dünya kuboku tamaşaçılara maraqlı anlar yaşadıb və ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan 10-cu Dünya kuboku kimi tarixə yazılıb.
Yarışların bütün qalib və mükafatçıları təbrik edir, onlara gələcək idman karyeralarında uğurlar arzulayırıq.
Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.