03 sentyabr 2023
Bu həftəsonu idman gimnastlarımız beynəlxalq səviyyəli yarışlarda iştiraklarını davam etdiriblər. Təmsilçilərimiz iştirak etdikləri iki yarışdan vətənə medallarla dönüblər. 1-3 sentyabr tarixlərində Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya kubokunda ölkəmizi kişilər arasında Mənsum Səfərov, Nikita Simonov, qadınlar arasında isə Nazənin Teymurova, Samirə Qəhrəmanova təmsil ediblər.
Komandamızın təcrübəli üzvü Nikita Simonov halqalar ilə hərəkətlərin icrasında ona bəslənilən ümidləri doğruldaraq qızıl medal (14.900 xal) əldə edib. Dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında iki finalı özü üçün təmin edən Nazənin həlledici mərhələdə hər iki növ üzrə 5-ci pillədə qərarlaşıb. İdmançımız gimnastika tirində 12-ci olub. Samirə Qəhrəmanova gimnastika tirində 11-ci, sərbəst hərəkətlərdə 12-ci pillədə qərarlaşıb. Mənsum Səfərov turnikdə 15-ci, sərbəst hərəkətlərdə isə 21-ci nəticəni göstərib.
Eyni tarixlərdə Rumıniyanın Buxarest şəhərində keçirilən “RomGym Trophy 2023” beynəlxalq turniri də gimnastımız İvan Tixonovun mükafatçılar sırasına düşməsi ilə nəticələnib.
Belə ki, yarışda ölkəmizi təmsil edən yeganə idmançımız İvan Tixonov dəstəli atda və paralel qollarda finala vəsiqə əldə edib. İdmançımız dəstəli atda bürünc medala sahib çıxıb.
Sentyabrın 8-dən 10-dək Macarıstanın Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilib. Yarışda ölkəmizi idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvü Mənsum Səfərov təmsil edib. İki proqramda qüvvəsini sınayan idmançımız təsnifat mərhələsini turnikdə 15-ci (12.400 xal), sərbəst hərəkətlərdə (13.250 xal) 17-ci pillədə başa vurub.