İdman

gimnastikadan

başlayır

İkinci gün, iki final

25 fevral 2024

İkinci gün, iki final


Ölkəmizdə keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun ikinci günü komandamızın iki finalı ilə yekunlaşdı. Avropa və ikiqat dünya çempionu Mixail Malkin və komanda hesabında dünya çempionatının qalibi Adil Hacızadə diqqətləri özünə cəlb etməyi bacardı. Titullu idmançılarımız qarşılarına qoyduqları hədəfə maksimum nail olaraq həlledici mərhələyə yüksəldilər. Təsnifat mərhələsində Malkin 1-ci (58.700 xal), Adil isə 2-ci pillədə (57.100 xal) qərarlaşdı. Müvafiq olaraq 4-cü və 5-ci pillələrdə yer alan komandamızın digər təcrübəli üzvləri Tofiq Əliyev (55.800 xal) və Bilal Qurbanov (52.000 xal) da finala iddialı olsalar da, hər ölkədən yalnız iki idmançının həlledici mərhələdə iştirakına icazə verildiyi üçün  onlar növbəti mərhələyə adlaya bilmədilər.  
Dünən yarımfinala vəsiqə əldə edən batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova təəssüf ki, çıxışı zamanı səhvə yol verdiyi üçün finala vəsiqə əldə edə bilmədi və yekun nəticədə 24-cü pillədə qərarlaşdı.  
Günün sonunda batutçular sinxron proqramda çıxışlarını nümayiş etdirdilər. Dünya kubokunda debüt edən Hüseyn Abbasov və Nicat Mirzəyevdən ibarət sinxron cütlüyümüz 19-cu pillədə qərarlaşdı.