17 aprel 2023
14-16 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri, fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva təmsil ediblər.
Yarışda ən yaxşı nəticəni qrup komandamız göstərib. Təsnifat mərhələsini uğurla başa vuran gimnastlarımız ayrı-ayrı alətlər üzrə iki finalda (5 halqa, 3 lent və 2 top) çıxış ediblər.
Üç lent və iki topdan ibarət kompozisiya yığmamıza 4-cü pilləni qazandırıb. Komandamızın üzvləri 25,700 xal toplayaraq Özbəkistan, Avstraliya, Türkiyə və Estoniya ölkələrini qabaqlayıblar.
Beş halqa ilə çıxışda isə təmsilçilərimiz Finlandiya, Avstraliya və Türkiyə kimi komandaları qabaqlayaraq 5 ci olublar. Çoxnövçülük proqramında da gimnastlarımız dördüncü yeri tutublar.
Xatırladaq ki, komandamızın üzvləri mart ayında Yunanıstanın Paleo Faliro şəhərində keçirilən Dünya kubokunda həlledici mərhələdə çıxış edərək 6-cı olmuşdular.