27 noyabr 2020
Bu gün bədii gimnastlarımız Ukraynanın Kiyev şəhərində ikiqat uğura imza atıblar.
Belə ki, 26 noyabrda Kiyevin İdman Sarayında start götürmüş bədii gimnastika üzrə sayca 36-cı Avropa çempionatı çərçivəsində komanda üzvlərimiz iki medal qazanıblar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız hər iki proqram üzrə gözoxşayan çıxış nümayiş etdirərək, çoxnövçülükdə “gümüş”ə layiq görülüblər. Qeyd edək ki, bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.
Daha bir medalı isə yığma üzvlərimiz komanda hesabında qazanıblar. Qrup və yeniyetmə gimnastlarımızın dünən və bu gün topladıqları xalların cəminə əsasən bu proqram üzrə bürünc medal əldə olunub.
Həm qrup komandamız, həm də gənc gimnastlarımız ayrı-ayrı alətlər üzrə finallara da adlayıblar. Gənclərdən Nərmin Bayramova ip və lentlə, Alina Gözəlova isə top və gürzlərlə çıxışlarına görə finala vəsiqə əldə ediblər.
29 noyabr – çempionatın son günü Zöhrə Ağamirova və Arzu Cəlilova böyük gimnastlar arasında çoxnövçülük yarışlarında qitə çempionu adı uğrunda mübarizə aparacaqlar.