19 noyabr 2021
Bakıda keçirilən Batut Gimnastikası üzrə Dünya Çempionatı davam edir.
Bu gün ikinci yarış günündə həm təsnifat, həm də final mərhələləri baş tutub.
Kişi və qadınların sinxron batut və kişilərin tamblinq yarışlarında finalçılar müəyyənləşib.
Tamblinq üzrə təsnifat mərhələsində Azərbaycanı bu yarışda təmsil edən Avropa çempionu və Dünya Yaş Qrupları Yarışlarının qalibi Mixail Malkin də çıxış edib. O, təsnifatda yetərli xal toplayaraq dünyanın ən güclü 8 tamblinqçisi arasında finala yüksəlib.
Təsnifat mərhələsinin ardınca keçirilmiş ilk finallarda isə ilk çempionlar bəlli olub.
Qadınların tamblinq cığırında komanda yarışlarında Fransa komandası qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq Belçika və Böyük Britaniya komandaları qərarlaşıb. Ardınca keçirilmiş mükafatlandırma mərasimində fəxri kürsüdə ilk Rusiya Gimnastika Federasiyası (RGF), daha sonra Portuqaliya və İspaniya komandası yer alıb.
Final mərhələsi qadınların ikili mini-batut və kişilərin tamblinq cığırında komanda yarışları ilə davam edib. Qadınların birincilik uğrunda mübarizəsində ABŞ komandası hamıdan üstün olub. RGF və Kanada komandaları 2-ci və 3-cü yerləri müvafiq olaraq öz aralarında bölüşüblər.
Sonuncu final isə qadın və kişi batutçuların komanda hesabında yarışları olub.
Qadın batutçuların komanda yarışında Yaponiya komandası rəqiblərini üstələməyi bacarıb. Fəxri kürsünün 2-ci və 3-cü pilləsində isə müvafiq olaraq Çin və RGF komandaları yer alıb.
Kişilərin batut üzərində komanda hesabı mübarizəsindən Belarus komandası qalib çıxıb. Yaponiya komandası 2-ci, RGF isə 3-cü yerdə qərarlaşıb.
Sabah çempionatın çərçivəsində 3-cü günündə 2 proqramda yarım-final, 4 proqram üzrə final yarışları baş tutacaq.
Nəticələrlə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.