15 fevral 2021
Azərbaycan Gimnastika Federasiyası İsrail həmkarları ilə birlikdə ilk dəfə olaraq “Gələcəyə addım” adlı onlayn vebinar keçirdi.
Belə ki, 12-14 fevral tarixlərində keçirilən onlayn vebinara 22 ölkədən mütəxəssislər qatılıb. Vebinarda hazırda bütün dünyada aktual olan məsələlərə toxunulub. Bunlardan “bədii gimnastikada artistizm və yaradıcılıq axtarışları”, “qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda motivasiyanın qorunub saxlanılması”, “yeniyetmələrin məşq etməsi və böyük idmanda qalmaları”, “məşq effektivliyinin artırılması üçün texniki məsələlər”, o cümlədən pandemiyadan sonra “güclü bir yarış mövsümündə bir araya gəlinməsi” mövzuları müzakirə olunmuşdur.
3 gün davam edən vebinar Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitələrinin üzvləri - Noha Abu Şabana (Misir) və İzabel Savada (Almaniya), kişi idman gimnastikası üzrə Texniki Komitəsinin üzvü - Cef Tomson (Kanada), məşqçi və strateji məsləhətçi – Qabriela Müller (İsveçrə), “Complex Core” üzrə fizioterapevtlər Taro Netzer (Avstriya) və Roman Yahoda (Avstriya), eləcə də, Porto və Koimbra Universitetlərinin Professoru - Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçirilmişdir.
Vebinarın Təşkilat Komitəsinin direktoru Mariana Vasileva vebinar ilə bağlı öz təəsüratlarını Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibliyinə bölüşdü.
“Bu vebinarı keçirməklə biz bir-birimizlə ünsiyyət qurduq , yeni məlumatlar əldə etdik, mühazirəçilərlə qarşıya qoyulan sualların və digər məsələlərin həllini tapmaq imkanını əldə etdik ki, bu da pandemiya zamanı vacib idi. Bu vebinar həqiqətən gələcəyə bir addım oldu. Mühazirələr çox maraqlı idi. Vebinarın bəzi iştirakçıları məşqçi və ən yüksək dərəcəli hakimlər idi. Onların hamısı belə vebinarları gələcəkdə davam etdirmək istədiklərini bildirdilər”,- deyə Mariana xanım bildirdi.
Vebinarın sonunda iştirakçılar diplom ilə təltif olundular.