İdman

gimnastikadan

başlayır

İlklərlə yadda qalan dünya çempionatı

14 mart 2022

İlklərlə yadda qalan dünya çempionatı

Azərbaycanda akrobatika gimnastikası üzrə ilk dəfə olaraq keçirilən 28-ci Dünya çempionatına yekun vuruldu.  
17 ölkədən 170 gimnastın iştirakı ilə dörd gün davam edən budəfəki dünya çempionatı yarış iştirakçılarına hələ uzun illər xatırlayacaqları maraqlı və həyəcan dolu anlar yaşatdı. Ən güclülərin mübarizəsi Azərbaycan təmsilçiləri üçün də uğurlu və əlamətdar oldu.  Belə ki, akrobatlarımız komandamızın hesabına 1 gümüş, 2 bürünc yazdırdılar.
Dünya çempionatında ən yüksək nəticəni Avropa çempionatının gümüş və bürünc mükafatçıları olan qarışıq cütlüyümüz, Ağasif Rəhimov və Raziyə Seyidli əldə etdi. İdmançılarımız temp hərəkətləri proqramında 28.640 xal alaraq gümüş medala sahib çıxdılar. Finalda balans hərəkətləri üzrə proqramda da özünəinamlı çıxışı ilə fərqlənən cütlüyümüz medala çox yaxın olsa da təəssüf ki, hakimlərdən yetərincə xal ala bilmədi. Komandamızın üzvləri 28.860 xalla 4-cü pillədə qərarlaşdılar.
Gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz dünya çempionatında 2 bürünc medala sahib çıxdı. Onlar temp və qarışıq hərəkətlər proqramında fəxri kürsünün üçüncü pilləsində qərarlaşdılar. Finalda balans hərəkətləri üzrə proqramda isə 25.120 xalla 6-cı oldular.
Dünya çempionatında ölkəmizi təmsil edən Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər qarışıq cütlüyümüz təsnifat mərhələsini balans hərəkətləri üzrə 8-ci, temp hərəkətləri üzrə 9-cu pillədə başa vuraraq finala adlaya bilmədi.
Qeyd edək ki, yığma komandamızın üzvlərinin əldə etdikləri nəticə Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk nailiyyət kimi yadda qaldı.
Çempionatın son günü keçirilmiş bağlanış mərasimi zamanı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağı Azərbaycan tərəfindən FIG-nin prezidenti Morinari Vatanabeyə təqdim edildi. O, isə öz növbəsində həmin bayrağı akrobatika gimnastikası üzrə növbəti dünya çempionatını təşkil edəcək İsrail tərəfinə ötürdü.
Gimnastların iştirakı ilə hazırlanan “Metaverse” adlı şou proqramla dünya çempionatına yekun vuruldu.
Azərbaycan Gimnastika Federasiyası adından ilk dünya çempionatının ölkəmiz üçün ilk medallarını qazanan təmsilçilərimizi tarixi uğur münasibətilə təbrik edir, daha da yüksək nailiyyətlər arzulayırıq!