İdman
gimnastikadan
başlayır
15 iyun 2025
13-15 iyun tarixlərində Bakıda keçirilən Akrobatika gimnastikası üzrə FIG Dünya kuboku, AGF Trophy yarışı başa çatdı.
3 gün davam edən yarışda 7 ölkənin 63 ən yaxşı akrobatı öz harmonik və həyəcanlı çıxıları ilə yadda qaldı.
Ən güclülərin mübarizəsi Azərbaycan təmsilçiləri üçün də uğurlu və əlamətdar oldu. Belə ki, akrobatlarımız qarışıq hərəkətlər proqramında komandamızın hesabına 2 qızıl və 2 gümüş medal yazdırdılar. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupumuz 28.240 xalla, kişi cütlüyümüz - Murad Rəfiyev və Daniel Abbasov 28.350 xalla qızıl medalın sahibi oldu.
Seymur Cəfərov, Riad Səfərov, Abdulla Əl-Məşayxi və Rəsul Seyidlidən ibarət kişi qrupumuz 28.440 xalla, qarışıq cütlük - Milana Əliyeva və Sabir Ağayev 27.720 xalla gümüş medala layiq görüldü.
Dünya kubokunun sonunda qaliblər beynəlxalq hakimlər heyəti tərəfindən müəyyənləşdirilərək medal və hədiyyələrlə təltif olundular.
Həmçinin təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara - Ukrayna təmsilçiləri olan qarışıq cütlük Labunets İvan və Kryvytska Yevfrosyniiaya AGF Trophy kuboku təqdim edildi.
Yarış müddətində maskotlarımız Cilli və Tilli tamaşaçılarla əyləncəli müsabiqələr keçirdi, gimnastlara çıxış öncəsi motivasiya verdi.
Bununla da, ölkəmizdə keçirilən daha bir beynəlxalq yarışı uğurla başa vurduq.