İdman

gimnastikadan

başlayır

"Asiya uşaqları"nda gimnastlarımızın çıxışı

02 iyul 2024

İyunun 25-dən iyulun 6-dək Rusiya Federasiyasının Yakutsk şəhərində keçirilən və 16 idman növündə 80 idmançının ölkəmizi təmsil etdiyi “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında bədii gimnastika üzrə millimizin üzvləri də çıxış edib. Yarışda gənc fərdi gimnastlarımız Ağahüseynova Şəms və Məmmədova Sofiya iştirak edib. Onların arasında ən yaxşı nəticəni Ağahüseynova Şəms lentlə çıxışı zamanı göstərib. O, finala qədər yüksəlib, sonda isə 29,200 xal toplayaraq 7-ci sırada qərarlaşıb.
Yeniyetmələr və gənclərin iştirakı ilə baş tutan bu ənənəvi idman tədbiri sözügedən yaş qruplarından olan idmançıların təcrübə toplaması üçün yaxşı fürsətdir. Gimnastlarımızın daha bir böyük arenada çıxış edərək topladıqları təcrübələrin gələcək yarışlarda uğur qazanmaları üçün onlara kömək olacağına inanırıq.