İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib 

14 mart 2023

 Bədii gimnastika üzrə məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib 

Martın 13-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 1-ci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib.  5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün nəzərdə tutulan kurslarda ölkəmizdə fəaliyyət göstərən 22 idman klubu və cəmiyyətini təmsil edən 72 məşqçi iştirak edir. 
Kursların nəzəri hissəsi ilkin hazırlıq mərhələsində idman seçiminin üsulları, ümumi fiziki hazırlıq, alətlə iş texnikası, tullanmalar, bədii gimnastikada zədələr, oyun məşqi, dönmələr, xoreoqrafiya, məşqçi şəxsiyyətinin formalaşdırılması və s. mövzuları əhatə edir. Nəzəri hissədə iştirakçılar üçün qeyd olunan mövzular üzrə mühazirələr dinləniləcək. Martın 18-ə qədər davam edəcək kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar verəcəklər. Kurs iştirakçıları bundan əvvəl Azərbaycan Gimnastika Federasiyasının (AGF) tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.  
Məlumat üçün bildirək ki, AGF-nin tədris saytı ötən il federasiyasının İcra Komitəsinin 09.09.2020-ci il tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarına uyğun olaraq istifadəyə verilib. 
Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər. 
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.