04 aprel 2022
Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenası daha bir mötəbər yarışa - Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokuna uğurla ev sahibliyi etdi.
Ölkəmizin bu il təşkil etdiyi 4-cü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınadı.
Dünya kuboku Azərbaycan təmsilçisi Nikita Simonovun bürünc medalı ilə yadda qaldı. Özünəinamlı çıxışı ilə finala adlayan idmançımız halqa ilə hərəkətlərdə uğurla çıxış edərək 14.500 xalla fəxri kürsünün üçüncü pilləsində yer aldı. Bununla idmançımız mart ayında keçirilən Dünya kubokundakı uğurunu Bakıda təkrarladı.
Yarışların yekununda kişi və qadınlar arasında bu il keçirilən 4 Dünya kubokunda göstərilən üç ən yaxşı nəticənin yekununa əsasən idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku, eləcə də ən yüksək icra xalı toplamış gimnastlara “AGF Trophy” kuboku təqdim edildi. Yarışların bütün qalib və mükafatçıları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğururlar arzulayırıq.
Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.