02 iyun 2024
"Gimnastika hamı üçün", həqiqətən də, idmanın birləşdirici gücünün nümunəsidir. Bu növ təkcə nəsilləri deyil, həm də müxtəlif mədəniyyətləri, xalqları birləşdirir. “Gimnastika hamı üçün” növü üzrə Bakıda keçirilən 2-ci Beynəlxalq “Challenge” bunun daha bir əyani təsdiqi oldu. Bu tədbir Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə 1 və 2 iyun tarixlərində Dənizkənarı Bulvarda baş tutdu. "Challenge"də 3 xarici ölkədən, eləcə də 23 şəhər və bölgəmizdən 800-ə yaxın iştirakçı və 60 komanda yer aldı. Azərbaycan təmsilçiləri ilə yanaşı, Gürcüstan, Monqolustan və Syerra-Leone komandaları da öz çıxışlarını nümayiş etdiriblər. İki gün ərzində müxtəlif məkanlarda zumba, hip-hop, Azərbaycan milli rəqsləri və akrobatika gimnastikası üzrə ustad dərsləri təşkil olunub.
Tədbir nəinki iştirakçılar, hətta festivalı izləyənlər üçün də unudulmaz olub. Sorğu zamanı tamaşaçıların əksəriyyəti tədbirin onlarda yaratdığı xoş təəssürata görə övladlarını gimnastika bölmələrinə yazdırmaq planlarından danışıblar.
Proqramın açılışı iştirakçıların rəngarəng yürüşü ilə yadda qalıb. Komandalar Bakı İdman Sarayından start götürərək orkestrlə birlikdə Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyə qədər yürüş ediblər. Qrupların müxtəlif melodiyalar altında çıxışları proqramın əsas hissəsinə çevrilib. Azərbaycanı təkcə paytaxtdan olan komandalar deyil, həm də ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar təmsil ediblər. Gənc və yaşlı nəslin səhnədəki rəngarəng çıxışlarını görüb müsbət enerji ilə yüklənməmək isə qeyri-mümkün idi.
Tədbirin açılış mərasimində Kamerunun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti, Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu bütün iştirakçıları salamlayaraq onlara bol uğur arzulayıb. Odet Esembe Enqulu qeyd edib ki, "Gimnastika hamı üçün" növü üzrə beynəlxalq “Challenge” ilk növbədə dostluq və həmrəylik nümunəsidir. Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Mariana Vasileva isə festivalı açıq elan edib. O, "Gimnastika hamı üçün" növünün Azərbaycanın 28 bölgəsində inkişaf etdiyini diqqətə çatdırıb. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə turnirdə iştirak edən azyaşlı idmançıları təbrik edən nazir müavini tədbirin əsl bayram ab-havasında keçdiyini söyləyib.
Festival həmçinin uduşlu viktorina ilə maraq doğurub. İlk günün kulminasiyası isə, sözsüz ki, rəngarəng mükafatlandırma mərasimi oldu. Heç kim medalsız qalmadı. Proqramın ikinci günündə baş tutan qala-şouda tədbirin qızıl medal mükafatçılarının, "Dance Ability" komandasının çıxışları və iki nominasiya - "Ən yaradıcı foto" və "Ən yaxşı dinamik foto" üzrə müsabiqənin qaliblərinin mükafatlandırılması coşqu yaradıb. Həmçinin "Challenge"in iştirakçıları arasında müxtəlif nominasiyalar üzrə fərqlənənlərə xüsusi kubok təqdim olunub.
Bütün bunlar idmanın kütləviləşdirilməsinə və insanların sağlam həyat tərzinə cəlb olunmasına xidmət edir.