13 avqust 2022
Avqustun 13-də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası və bədii gimnastika üzrə təsnifat yarışları keçirilib. Azərbaycan yığma komandası üzvlərinin hər iki növdə uğurla çıxış edərək 2 qızıl, 1 gümüş medal əldə ediblər.
Belə ki, fərdi proqramda ayrı-ayrı alətlər üzrə keçirilən təsnifat mərhələsində qüvvəsini Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət komandamız 4 hərəkətin cəmində 252.300 xal toplayaq Oyunların qalibi olub. Yarışlarda Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Komandamızın aktivinə daha bir medalı aerobika gimnastikası üzrə komandamız yazdırıb. Təmsilçilərimiz fərdi, qarışıq cütlük və üçlük proqramında uğurlu çıxışlarının yekununa əsasən ikinci pillədə qərarlaşıb. Komandamız medalı özü üçün təmin etsə də, mükafatlandırma sabah olacaq.
Bununla da “Konya-2021”-də Azərbaycan təmsilçilərinin gimnastika üzrə yarışlarda qazandığı medalların sayı 7-yə (3 qızıl 3 gümüş, 1 bürünc) çatıb. Xatırladaq ki, kişi idman gimnastlarımız Oyunlarda 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə etmişdi.
Avqustun 14-də təmsilçilərimiz həmçinin hər iki növ üzrə keçiriləcək final mərhələlərində çıxış edəcəklər. Bədii gimnastika üzrə fərdi proqramda Zöhrə Ağamirova halqa, lent, gürzlər və topla, İlona Zeynalova lent və gürzlərlə, Alina Gözəlova halqa və topla mübarizə aparacaq. Qrup hərəkətləri komandamız isə 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətləri icra edəcək.
Aerobika gimnastikası üzrə final mərhələsində Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında qüvvələrini sınayacaqlar. Təmsilçilərimiz M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında çıxış edəcək.