İdman

gimnastikadan

başlayır

"Rektor kuboku" başa çatdı

19 dekabr 2024

Dekabrın 19-da Milli Gimnastika Arenasının köməkçi zalında Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib.
Yarışda 12 komandanın tərkibində akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr öz qüvvələrini sınayıblar. Fərdi və komanda hesabı üzrə “Tərtər”, “Ağdərə”, “Zəngilan”, “Qubadlı”, “Ağdam”, “Şuşa”, “Xocalı”, “Kəlbəcər”, “Xankəndi”, “Füzuli”, “Cəbrayıl”, “Laçın” komandalarının təmsilçiləri sərbəst hərəkətlər, halqalar və turnik üzərində hərəkətlərin icrasında mübarizə aparıblar.

Komanda yarışında “Ağdərə” 1-ci, “Xocalı” 2-ci, “Xankəndi” isə 3-cü pillədə qərarlaşıb. Qrup çıxışında “Cəbrayıl” 1-ci, “Xocalı” 2-ci, “Tərtər” komandası isə 3-cü olub. Fərdi çoxnövçülükdə “Ağdam” komandasının təmsilçisi Əli Səfərov qızıl, “Kəlbəcər” komandasını təmsil edən Əli Rzayev gümüş, “Laçın” komandasından isə Tamerlan Mehdizadə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında gimnastikanın inkişafı istiqamətində indiyədək bir sıra layihələr uğurla təşkil edilib.    

“Rektor kuboku” yarışının keçirilməsində məqsəd bütün idman növlərinin təməlini təşkil edən gimnastika növü vasitəsilə akademiyanın müxtəlif fakültələrində təhsil alan tələbələrin təcrübəsinin artırılması və hazırlıq formalarının gücləndirilməsidir. 
Ümid edirik ki, məhz qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi gələcəkdə bu sahədə peşəkar məşqçi-müəllimlərin yetişməsinə öz layiqli töhfəsini verəcək.