03 avqust 2023
Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında mütəmadi olaraq gimnastların balaca sakinlərlə görüşünü təşkil edən Azərbaycan Gimnastika Federasiyası (AGF) onları bir daha sevindirib.
Belə ki, avqustun 3-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə AGF tərəfindən orada gimnastika bölməsinin açılışı olub.
Qeyd edək ki, bölməyə uşaqların seçimi onların fiziki imkanları, həmçinin bu idman növünə olan marağı nəzərə alınmaqla məşqçilər tərəfindən həyata keçirilib. Məşqlər AGF-nin təcrübəli məşqçisi tərəfindən tədris olunur. Həftədə iki dəfə keçirilən məşqlərdə uşaq evinin 6-17 yaşlı 20-yə yaxın sakini iştirak edir.
“Ümid yeri” uşaq sığınacağının sədri Nigar Mənsimli gimnastika bölməsinin fəaliyyətə başlamasının uşaqların hədsiz sevincinə səbəb olduğunu və onların fiziki inkişafında böyük rol oynadığını diqqətə çatdırdı:
““Ümid yeri” uşaq sığınacağı valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərməklə yanaşı, onların uğurlu gələcəyinin təmin olunmasına çalışır. Sığınacaqda gimnastika bölməsinin açılması uşaqların fiziki inkişafında böyük rol oynamaqla yanaşı, onların asudə vaxtlarının səmərəli təşkilinə, idman sahəsində istedadlarının aşkarlanmasına şərait yaradır. Uşaqlarımız məşqlərə böyük maraq və həvəs göstərir, məşqçilərinin gəlməsini böyük səbirsizliklə gözləyir, məşqdən sonra da öz üzərlərində işləyirlər. Ümid edirəm ki, bu layihə çərçivəsində məşqlərə cəlb olunan sığınacağın sakinləri gələcəkdə Azərbaycanın bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldıracaqlar. Bu təşəbbüsə və onun həyata keçirilməsinə görə Gənclər və İdman Nazirliyinə və Gimnastika Federasiyasına dərin təşəkkürümü bildirirəm”.