İdman

gimnastikadan

başlayır

12-ci Dünya Yaş Qrupları Yarışlarında ilk qaliblər müəyyənləşib 

05 mart 2022

12-ci Dünya Yaş Qrupları Yarışlarında ilk qaliblər müəyyənləşib 

Paytaxtımızda keçirilən Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının üçüncü günündə 13-19 yaş qrupu üzrə təsnifat, 12-18 yaş qrupu üzrə isə final mərhələləri keçirilib.  
Təsnifat mərhələsində 13-19 yaş kateqoriyasında temp hərəkətləri proqramında ölkəmizi təmsil edən Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu 26,870 xalla 6-cı pillədə qərarlaşıblar. Balans hərəkətində yarış sabah təşkil olunacaq. İki hərəkətin cəmində ilk 8 pillədə yer alan komandalar finala yüksələcəklər. 
12-18 yaş qrupu üzrə finalda ölkəmizi təmsil edən Nizam Xamidulin və Milana Əliyevadan ibarət qarışıq cütlüyümüz qarışıq hərəkətlər proqramında çıxışlarına görə hakimlərdən 26.400 xal alaraq yarışı 7-ci pillədə başa vurublar. Rusiyalı cütlük 27,340 xalla ikinci, Qazaxıstan komandası (26,750) isə üçüncü pillədə yer alıb.
Bu yaş qrupu üzrə qadın cütlüklərin yarışında 27,640 xalla İsrail təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fransa komandası 27,500 xalla gümüş, ABŞ cütlüyü isə 27,400 xalla bürünc medala sahib olublar. Kişi qrupları arasında İsrail gimnastları 28,230 xalla birinci, Rusiya təmsilçiləri 27,980 xalla ikinci, Böyük Britaniya komandası 26,890 xalla üçüncü olub. 
Kişi cütlüklərin mübarizəsində Böyük Britaniya təmsilçiləri 28,050 xalla turnirin qalibi adını qazanıblar. Rusiya idmançıları 27,600 xalla yarışı ikinci pillədə başa vurublar. Bolqarıstan akrobatları 27,250 xalla bürünc medala sahib olublar. Qadın qruplarının yarışlarında  Rusiya komandası  28,050 xalla 1-ci, ABŞ komandası 27,800 xalla ikinci, Portuqaliya komandası isə 27,320 xalla üçüncü pillədə qərarlaşıb. 
Sabahkı yarışlarda 13-19 yaş qrupu üzrə qadın cütlükləri temp hərəkətləri, qadın qrupları balans hərəkətlərində qüvvələrini sınayacaqlar. 
Təsnifat mərhələsinin ardınca bu yaş qrupu üzrə bütün kateqoriyalar üzrə qarışıq hərkətlər proqramında final mərhələsi keçiriləcək.