İdman

gimnastikadan

başlayır

İtkisiz 12 çıxış!!!

12 sentyabr 2015

İtkisiz 12 çıxış!!!

Almaniyanın Ştutqart şəhərində keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında Marina Durunda hərəkətlər proqramında heç bir itkiyə yol vermədən məhz 12 dəfə çıxış etmişdir. Zeynep Celep və dünya üzrə yarışların gərgin ab-havasını ilk dəfə hiss edən Ayşən Bayramova ilə birgə, o, komanda hesabı mübarizədə 4 çıxış nümayiş etdirmişdir. Ayşən və Zeynep komanda liderindən nümunə götürərək, nümayiş etdirdikləri çıxışlarının stabilliyində heç də Marinadan geri qalmırdılar. Komanda hesabında Azərbaycan birinci beşliyə daxil oldu.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Marina dörd finalın hər birinə vəsiqə qazandı. O, halqa, gürzlər və lentlə finalda altıncı yerdə öz mövqeyini möhkəmləndirdi. Topla hərəkətlərdə isə, 7-ci oldu.

Nəhayət, 11 sentyabr tarixində, Marina Durunda 4 çıxışın nəticələrinə əsasən çoxnövçülük finalında 6-ci yerdə qərarlaşaraq, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya qazandı.

Bu, beynəlxalq arenada böyük gimnastlar proqramı ilə çıxış etməyə 2013-cü ildən başlamış Marina Durundanın ilk Olimpiya lisenziyasıdır. 3 il müddətində gimnast stabilliyi ilə fərqlənmişdir. Marinanın məhz bu xüsusiyyəti onun üçün Rioya yol açmışdır.

Bakı 2015 1-ci Avropa Oyunlarının gümüş medalçısı, 2015-ci ilin Avropa Çempionatının bürünc mükafatçısı Marina, 5 gün ərzində ilin əsas yarışı - Dünya Çempionatında da layiqli mübarizə aparmışdır. Onun çıxışları həm təsnifat, həm də final mərhələlərində özünə inam, zəriflik, hərəkətlərin mahirliyi və qüsursuz stabilliyi ilə seçilmişdir.

Milli yığmanın Baş məşqçisi Mariana Vasilevanın rəhbərlik etdiyi yekdil komandanı, həmçinin göz önündə inkişaf edən Azərbaycanın gənc bədii gimnastika məktəbini, Marinanın qazandığı lisenziya münasibətilə təbrik edirik!