07 may 2021
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku start götürüb.
Yarışların birinci günündə fərdi proqramda təsnifat yarışları keçirilir.
Əvvəlcə gimnastlar halqa və toplarla hərəkətləri yerinə yetirəcək. Bundan başqa, qrup hərəkətləri proqramında təsnifat mərhələsi baş tutacaq. Komandalar 5 topla hərəkətləri nümayiş etdirəcək.
Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.
Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.
Dünya Kubokunda 35 ölkədən qrup komandaları tərkibində 99 (16 qrup), fərdi proqram üzrə isə 60 gimnast mübarizə aparacaq.
Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta "AGF Trophy" kuboku təqdim olunacaq.
Yarışları canlı olaraq "İdman" TV-də izləyə bilərsiniz: http://www.idmantv.az/az