İdman

gimnastikadan

başlayır

EYLATIN 2 QIZIL, 4 GÜMÜŞ VƏ 9 BÜRÜNC MEDALLARI

15 noyabr 2011

EYLATIN 2 QIZIL, 4 GÜMÜŞ VƏ 9 BÜRÜNC MEDALLARI

Yeniyetmə Azərbaycan gimnastı Ləman Hacızadə beynəlxalq turnirlərdə uğurlu çıxışlarını davam etdirir.

Bu dəfə medalların qazanıldığı yer Qırmızı dənizin sahillərinin mirvarisi və İsrailin məşhur kurortu Eylat şəhəri olub.

Bir həftə əvvəl Bolqarıstanda olduğu kimi, 12 yaşlı bakılı gimnast yenidən beş mükafat qazanıb. Lentlə tapşırığı yerinə yetirdikdən sonra hakimlər birinci yerin qalibini müəyyən etməkdə çətinlik çəkməyiblər və onlar layiq olduğu mükafatı qeyd-şərtsiz Hacızadəyə təqdim ediblər. Ləman digər növlər (halqa, top, gürzlər və çoxnövçülük) üzrə 4 gümüş mükafat alıb.

Eylatda keçirilən turnirin daha bir qızıl medalı Züleyxa İsmayılovanın (2000-ci il təvəllüdlü) boynunda parlayıb. Beynəlxalq yarışda ilk dəfə çıxış etmiş İsmayılova lentlə birinci olub və üç dəfə - top, halqa və şəxsi birincilikdə çıxışların yekunu üzrə fəxri kürsünün üçüncü pilləsinə çıxıb.

Onunla yanaşı, Gülsüm Şəfizadə 4 bürünc qazanıb. 1998-ci il təvəllüdlü gimnastların yaş kateqoriyasında o, top, gürzlər, lent və çoxnövçülük üzrə çıxışlar edib.

Nəhayət, daha iki bürüncü 1997-ci il təvəllüdlü idmançıların yaş qrupunda çıxış edən Mənsurə Baqiyeva (top) və Yekaterina Prokopenko (lent) qazanıb.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva hesab edir ki, "yeniyetmə gimnastlarımız hər startda təcrübə toplayırlar və daha yaxşı çıxış edirlər". "Əlbəttə, qarşıda daha böyük işlər var, lakin məni çox perspektivli nəslin böyüməsi sevindirir", - bolqar mütəxəssis deyib.

Milli komandanın liderinə gəldikdə, Aliyə Qarayeva planetin digər adlı-sanlı gimnastları sırasında Bilbaodakı Qala-şouya dəvət edilib. Basklar ölkəsində o, özünün gürzlər və lentlə ən yaxşı hərəkətlərini nümayiş etdirib və sonda nümunəvi hərəkətlərlə də çıxış edib.

Bu həftənin sonunda Qarayeva noyabrın 19-da Biella şəhərciyində keçiriləcək İtaliya klub çempionatının üçüncü turunda A1 seriyasında çıxış edəcək. Gənc gimnastlar isə 18-ci Azərbaycan birinciliyində və Bakı çempionatında (18-19 noyabr, Şağan Olimpiya İdman Kompleksi) çıxış edəcəklər.