26 oktyabr 2018
Azərbaycan Gimnastika Federasiyası 2019-cu il ərzində Bakıda təşkil olunacaq gimnastika növləri üzrə beynəlxalq yarışların təqvim planını təqdim edib.
Belə ki, növbəti il federasiya yenidən zəngin iş planı ilə çalışaraq, 2019-cu ilə 16-17 fevral tarixlərində Batut Gimnastikası üzrə Dünya Kuboku ilə start verəcək.
Bir ay sonra – 14-17 mart tarixlərində meydança idman gimnastlarının olacaq. Bu tarixlərdə artıq 4-cü dəfə ölkəmizdə İdman Gimnastikası üzrə Dünya Kuboku baş tutacaq.
Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. 26-28 aprel tarixlərində bu növ üzrə Dünya Kuboku, bir neçə həftə sonra – 16-19 may tarixlərində isə Avropa Çempionatı təşkil olunacaq.
Bu il federasiya ilk dəfə olaraq, gimnastikanın iki növü üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastların ardınca, 24-26 may tarixlərində qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaq.
2019-cu ilin 20-28 iyul tarixlərində şəhərimizdə ilk dəfə olaraq daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında olacaq.
Və ilin nəzərdə tutulan son yarışı Bədii Gimnastika üzrə Dünya Çempionatıdır (16-22 sentyabr). Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq.
Paytaxtımızda baş tutacaq İdman gimnastikası və Batut gimnastikası üzrə Dünya Kubokları, eləcə də bədii gimnastika üzrə Dünya Çempionatının əsas özəlliklərindən biri isə məhz Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıması olacaq.
Qeyd edək ki, gimnastika növləri üzrə bütün beynəlxalq yarışların Milli Gimnastika Arenasında baş tutması daimi gimnastika tamaşaçılarını daha da sevindirəcək. Belə ki, onlar sərfəli şərtlərlə “Mövsümi Bilet” əldə edərək, artıq bütün beynəlxalq gimnastika yarışlarını özlərinə məxsus oturacaqlardan izləyə biləcəklər.
Odur ki, bu yarışlarda, həmçinin digər beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcək bütün gimnastlarımıza uğurlar və bol tamaşaçı dəstəyi arzulayırıq.