İdman

gimnastikadan

başlayır

2025-ci ilin yekunları

30 dekabr 2025

2025-ci ilin yekunları

2025-ci il Azərbaycan gimnastikası üçün əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizi təmsil edən gimnastlar il ərzində həm yerli, həm də beynəlxalq arenada uğurlu nəticələr göstərdilər. 

İlin ən yaddaqalan hadisələrindən biri Selcan Mahsudovanın Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kubokundakı möhtəşəm çıxışı oldu. O, yarış zamanı Dünya rekordunu yeniləyərək Azərbaycan gimnastika tarixinə adını qızıl hərflərlə yazdırdı. Eyni zamanda Selcan Mahsudova Dünya çempionatında 5-ci yeri tutaraq batut gimnastikası üzrə ölkəmiz üçün tarixi ilkə imza atdı.

Digər mühüm nailiyyət Tofiq Əliyevin Çinin Çendu şəhərində təşkil olunan Dünya Oyunlarındakı çıxışı oldu. Tamblinq üzrə milli komandamızın üzvü ən çətin elementlərindən biri hesab olunan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək gimnastika tarixində yeni səhifə açdı.

Qadın idman gimnastımız Albina Əliyeva da 2025-ci ildə fərqlənən idmançılar sırasında yer aldı. O, Dünya çempionatında ilk dəfə olaraq final mərhələsinə yüksəlməyi bacardı.

2025-ci il ərzində gimnastlarımız Dünya və Avropa çempionatları və birincilikləri, Dünya və Avropa kubokları, eləcə də nüfuzlu beynəlxalq turnirlərdə ümumilikdə 65 qızıl, 85 gümüş və 80 bürünc medal qazandılar. 

  • Avropa kubokları – 10 medal
  • Avropa çempionatları – 9 medal
  • Dünya Oyunları – 3 medal
  • Dünya kubokları – 24 medal
  • 32-ci Ümumdünya Yay Oyunları – 3 medal
  • III MDB Oyunları – 14 medal
  • Beynəlxalq turnirlər – 167 medal

Bununla yanaşı, Azərbaycan gimnastları müxtəlif gimnastika növləri üzrə Dünya kuboku seriyalarının qalibi adını da qazandılar. Kişi idman gimnastikası üzrə Nikita Simonov, akrobatika gimnastikası üzrə kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov, tamblinq üzrə isə Tofiq Əliyev Dünya kuboku seriyalarında mövsümün qalibi oldular.

2025-ci il həm də ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlarla yadda qaldı. Qədim Gəncə şəhəri ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi etdi. Belə ki, 9–11 noyabr tarixlərində gənclər və 15 yaşadək idmançılar arasında, 14–16 noyabr tarixlərində isə böyüklər arasında Avropa çempionatları uğurla təşkil olundu. Paytaxt Bakı isə il ərzində gimnastika növləri üzrə 4 Dünya kuboku, 1 Avropa kuboku, 2 beynəlxalq turnir və 1 beynəlxalq “Challenge” yarışına ev sahibliyi etdi.

İl ərzində Milli Gimnastika Arenasında idmançılarımız üçün çoxsaylı ustad dərsləri keçirildi. Eyni zamanda, Azərbaycan gimnastika mütəxəssisləri xarici ölkələrdə təşkil olunan kurs və seminarlar vasitəsilə müxtəlif qitələrdən olan idmançılar və məşqçilərlə öz zəngin təcrübələrini bölüşdülər.

2025-ci il boyunca Milli Gimnastika Arenasında təlim-məşq toplanışları məqsədilə dünyanın müxtəlif ölkələrindən olan komandalar iştirak etdilər.

İl daha bir mötəbər hadisə ilə yadda qaldı. 29 noyabr tarixində Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində Fərid Qayıbov növbəti dəfə təşkilatın prezidenti seçildi.

2025-ci ildə əldə olunan bütün uğurlarda əməyi keçən hər kəsə təşəkkür edirik.

Hər birinizi Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, 2026-cı ildə daha böyük nailiyyətlər arzulayırıq!