23 aprel 2012
Aprelin üçüncü ongünlüyündə Budapeştdə bədii gimnastika üzrə beynəlxalq turnirdə hamıdan çox medalı qarşıdakı "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi Bakıdan olan gimnastlar qazanıblar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir ki, mükafatların ən böyük hissəsi, yəni 13 medal 14-15 yaşlı yeniyetmələrin payına düşüb. Onlardan ən başlıcası komanda birinciliyində (Mənsurə Bağıyeva, Marina Durunda, Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva) qazanılan qızıl medaldır.
Bununla yanaşı, Bağıyeva halqa ilə finalda qalib gəlib, Durunda topla yarışda, Şəfizadə isə lentlə hərəkətlərdə master-klass nümayiş etdiriblər, yalnız Niftəliyeva gürzlərlə yarışda ikinci olub.
Onların komanda üzrə kiçik rəfiqələri də medalsız qalmayıb. Belə ki, Jalə Piriyeva (2000-ci il təvəllüdlü) çoxnövçülük üzrə turnirdə və topla qalib gəlib, habelə halqa və lentlə hərəkətlərə görə gümüş mükafatın sahibi olub.
Onun həmyaşıdı Züleyxa İsmayılova yalnız lentlə finalda qələbənin sevincini yaşayıb. Topla çıxışında o ikinci yeri tutub, halqa və çoxnövçülükdə isə bürünc mükafat qazanıb.
Senior gimnastlara gəlincə, burada sıraya qayıdan Zeynəb Cavadlı azarkeşləri sevindirib. Onun aktivində halqa və lentlə tapşırığa görə iki gümüş var. Özündən daha təcrübəli rəfiqəndən fərqli olaraq, Lalə Yusifovada tam medal dəsti var: iki birinci yer (halqa və lent), iki ikinci yer (çoxnövçülük və top) və bürünc (gürzlərlə).
Fəxri kürsüyə cəmi bir dəfə qalxan yeganə gimnast Ayşə Mustafayeva olub. O, topla hərəkətlərə görə üçüncü yerə çıxıb.
Milli komandanın baş məşqçisi Mariana Vasileva öz yetirmələrinin nəticələrindən məmnunluğunu ifadə edib.
"Avropa çempionatı ərəfəsində yeniyetmələrimiz təkcə yaxşı çıxış etmədilər, həm də mütəxəssislər tərəfindən yüksək qiymətləndirildilər. Marina Durunda yığmaya görə debütündə iki qızıl mükafat və topla çıxışına görə yüksək qiymət - 26.885 bal qazandı. Bir illik fasilədən sonra Ayşə Mustafayeva məşqçi korpusunun gələcəkdə də ona ümid bəsləməkdə haqlı olduğunu anlatdı. Zeynəb Cavadlı yenə xalça üzərindədir və bu, nikbinlik gətirir. Lalə Yusifova isə sübut etdi ki, turnirdən-turnirə böyüyür və artıq özünə ad qazanır. Əminəm ki, bu yarışdan sonra yığmada sübutlar daha çox olacaq", bolqar mütəxəssis deyib.