21 aprel 2023
Məlumat verdiyimiz kimi, bu gün Milli Gimnastika Arenası yenidən öz qapılarını dünyaca məşhur bədii gimnastlar üçün açıb.
40 ölkədən 135 gimnast paytaxt Bakıda fərqlənmək üçün mübarizəyə qoşulub.
İdmançıların gimnastikasevərlərin hərarətli alqış sədaları altında səhnədə nümayiş etdirdikləri biri-birindən maraqlı çıxışlar Dünya kubokuna daha da böyük həyəcan qatıb. Doğma divarlar arasında çıxış edən Azərbaycan komandasının üzvləri azarkeşlərə öz peşəkar, rəngarəng çıxışları, tükənməyən əzmkarlıqları ilə ən xoş anlar yaşatmağa çalışıblar.
Dünya Kubokunun birinci günündə fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə təsnifat mərhələləri keçirilib. Əvvəlcə fərdi gimnastlar top və halqa ilə hərəkətləri, daha sonra qrup hərəkətləri üzrə komandalar 5 halqa ilə çıxışlarını nümayiş etdiriblər.
Ölkəmizi fərdi çoxnövçülük proqramında Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, lV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirova və komanda hesabında Avropa çempionatının bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova təmsil edib.
Zöhrə Ağamirova halqa və topla hərəkətlərin cəminə görə təsnifat mərhələsini 61.750 xalla 9-cu pillədə başa vurub. İdmançımız topla hərəkətlərin icrasında təsnifat mərhələsini 32.000 xalla 4-cü pillədə başa vuraraq finala vəsiqə qazanıb.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa ilə hərəkətlərin icrasına görə 33.500 xalla 3-cü pillədə qərarlaşaraq finala adlayıblar.
Sabah gimnastlar fərdi proqramda lent və gürzlərlə, qrup hərəkətləri proqramında isə 3 lent və 2 topla çoxnövçülük yarışlarında çıxışlarını davam etdirəcəklər.
Finala vəsiqə əldə etmiş idmançılarımız yarışın sonuncu günü ayrı-ayrı alətlər üzrə final mərhələsində mübarizə aparacaqlar.
Dünya kubokuna aprelin 23-də yekun vurulacaq.