İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə milli yarış uğurla başa çatıb

26 aprel 2024

Akrobatika gimnastikası üzrə milli yarış uğurla başa çatıb

Aprelin 25-i və 26-da ölkəmizdə baş tutan akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatında 70-dən çox idmançı öz məharətlərini nümayiş etdiriblər. Gimnastlarımızla həmsöhbət olan zaman əksəriyyəti hər il baş tutan bu milli yarışın idmançı kimi öz hazırlıqlarını qiymətləndirmək, zəif nöqtələrini görüb inkişaf etdirərək gələcəkdə daha böyük arenalarda çıxış etmələri üçün böyük fürsət olduğunu bildirdilər.
Milli yarışda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin gimnastları yer alıb. 
Yarışın birinci günü balacalar (2009-2018), uşaqlar (2008-2013), yeniyetmələr (2006-2012), gənclər (2005-2010) və böyüklər (2009 və daha böyük) balans hərəkətləri, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər isə temp hərəkətləri üzrə çıxış ediblər. İkinci günün proqramına müvafiq olaraq isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər qarışıq hərəkətlərlərdən ibarət kompozisiyalar nümayiş etdiriblər. 
Qaliblər müəyyən olunduqdan sonra uğurlu çıxış edən qrup və cütlüklər müvəffəqiyyətlərinin sirrini, tərəf müqabilləri ilə uzun illər birlikdə çalışmaqda və nəhayət, illər keçdikcə bir-birlərini yaxşı tanımaları səbəbilə aralarındakı uyğunluğun artmasında gördüklərini dedilər. 
Qarşıda isə akrobatika gimnastikası üzrə milli komandamızın üzvlərini may ayında müvafiq olaraq Bolqarıstan, Portuqaliya və Polşada baş tutacaq 3 dünya kuboku gözləyir. İdmançılarımıza indidən uğurlar arzu edirik.